BMU-da Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi

Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Əhməd bəy Ağaoğlunun ictimai fəaliyyəti və tənqidi görüşləri” adlı seminar keçirilib.

 

Kafedranın professoru Akif Hüseynli seminarın Prezident İlham Əliyevin  “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında”  Sərəncamından irəli gələn tədbirlərin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin Tədbirlər planına əsasən təşkil olunduğunu bildirib. O, eyni zamanda, Ə. Ağaoğlunun həyat və fəaliyyətindən, elmi baxışlarından, siyasi görüşlərindən bəhs edib.

 

175 nömrəli tam orta məktəbin direktoru, fil.ü.f.d. Tural Mirzəliyev XX əsr Azərbaycan mədəniyyəti tarixində böyük rol oynamış yazıçı, publisist, tənqidçi Ə.Ağaoğlunun ictimai fəaliyyəti barədə məruzə ilə çıxış edib.

 

Bildirilib ki, yazıçının publisistikasının əsas mövzularını islama, türklüyə, tarixə münasibət, əlifba və dil problemi, qadın hüquqları, yaranmış və yaranmaqda olan ədəbiyyata və mədəniyyətin digər sahələrinə münasibət təşkil edir. Ə. Ağaoğlunun daim milli mübarizə hərəkatının önündə olduğu, onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məhfumlarının xüsusi yer tutduğu qeyd edilib.

 

Tədbirdə, həmçinin T.Mirzəliyevin “Əhməd bəy Ağaoğlu. Azərbaycan ədəbi-ictimai fikri Avropaya doğru” adlı kitabının təqdimatı da baş tutub.

 



26.12.2019 | 13:34