“Türk dünyasının coğrafiyası və etnosu”

AMEA Coğrafiya İnstitutunun “Türk dünyasının coğrafiyası və etnosu”  üçcildliyinin 2-ci cildi çapdan çıxıb.

 

Kitabda  türk dünyasının 6 müstəqil dövlətinin və 11 milli qurumunun bütün iqtisadi-coğrafi və sosial vəziyyəti tədqiq və təhlil edilir. Təqribən 11 milyon kvadrat kilometr ərazinin, 200 milyon nəfərə qədər əhalinin geosiyasi məkanda yeri, iqtisadi-coğrafi mövqeyi araşdırılır,  Ipək yolunun bərpasında bu ölkələrin rolu və iştirakı ətraflı təhlil edilir.

 

Əsərin  çapdan çıxan 2-ci cildi  üç  fəsildən ibarətdir.  Türk dünyasının iqtisadi-coğrafi mövqeyi və siyasi coğrafiyası fəslində onun geosiyasi məkanda yeri və Avrasiya nəqliyyat dəhlizinin türk dünyası üçün geosiyasi əhəmiyyəti araşdırılır.  Türk dünyasının sosial-iqtisadi və insan potensialı  fəslində, ümumilikdə, türk dünyası ölkələrinin və milli qurumlarının insan potensialı, məskunlaşma, əhalinin dinamikası, əmək ehtiyatları, iqtisadi fəal əhali və s. kimi çox mühüm məsələlər geniş şəkildə nəzərdən keçirilir.

 

Türk dünyası təsərrüfatının ümumi səciyyəsi adlanan  üçüncü fəsildə  regionun təsərrüfat sistemlərinə - sənaye, kənd təsərrüfatı, nəqliyyat, sosial-infrastruktur sahələri, turizm-rekreasiya potensialı  son dövrlərin iqtisadi göstəricilərinə əsasən təhlil edilir və bütün bunların perspektiv inkişaf istiqamətləri qiymətləndirilir.

 

Ensiklopedik elmi məlumatlarla zəngin olan kitabda müvafiq xəritə, diaqram, fotoşəkillər də verilib ki, bunlar da onu daha oxunaqlı və maraqlı edir.

 

Kitab geniş oxucu kütləsi, dövlət idarəçiliyi ilə məşğul olan mütəxəssislər, ali məktəblərin professor-müəllim heyəti, bakalavr, magistr və doktorantlar, turizm şirkətləri, ümumiyyətlə, türk dünyası ilə maraqlanan hər kəsin istifadəsi üçün qiymətli elmi mənbədir.



26.12.2019 | 16:22