Naxçıvanın 95 illiyinə həsr olunan xalça

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvanın 95 illiyi münasibətilə toxunan xalçanın təqdimatı keçirilib.

 

Tədbirdə institutun professor-müəllim heyəti və Təsviri incəsənət müəllimliyi ixtisası tələbələri ilə yanaşı, Naxçıvan  Rəssamlar Birliyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi və Naxçıvan Biznes Mərkəzinin əməkdaşları iştirak ediblər.

 

İnstitutun prorektoru Azad Novruzov tarix, mədəniyyət və incəsənətimizin  qədimliyini, xalqımızın intellekt səviyyəsinin yüsək olduğunu sübut edən sahələrdən birinin də xalçaçılıq sənəti və onun keçdiyi tarixi inkişaf yolu olduğunu bildirib.  

 

“Dövlət tərəfindən xalçaçılıq sənətinin qorunması və inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Prezident  İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”,  həmçinin Naxçıvan  Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”  xalçaçılıq mədəniyyətinin yaşadılması və inkişafına yönələn, cəmiyyət qarşısında müvafiq vəzifələr müəyyənləşdirən ciddi dövlət tapşırıqlarından biridir”-deyə A.Novruzov söyləyib.

 

Məlumat verilib ki, xalçaçılıq sənəti ilə bağlı institutda silsilə tədbirlər keçirilib, açıq dərslər təşkil olunub, Naxçıvan Ali Məclisi Sədrinin tapşırığına əsasən, tələbələrə xalça toxumanın  praktik imkanlarının öyrədilməsi məqsədilə instituta 1 ədəd hana  hədiyyə olunub.  İncəsənət kafedrasının təşkilatçılığı ilə eskiz hazırlanıb və Naxçıvanın  95 illiyinə həsr olunan xalça toxunub.  Xalçanın toxunmasında institut əməkdaşlarının, xüsusən Süsən Əliyeva və Vəfa Əliyevanın böyük əməyi olub.

 

Sonra Naxçıvan Rəssamlar Birliyinin sədri, Azərbaycanın  Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək Naxçıvan Müəllimlər İnstitutu ilə hamilik çərçivəsində görülən işləri diqqətə çatdırıb, həmçinin bu cür tədbirlərin gənc nəslin tərbiyəsində böyük rol oynadığını qeyd edib.

 

Bildirilib ki, Naxçıvan xalçaları, nəinki Azərbaycanda, bütün dünyada öz üslubu, süjetli kompozisiyası, ornamentləri, naxışları, bir sözlə, özünəməxsus spesifik xüsusiyyətləri ilə fərqlənir.

 

Sonda xalçanın hazırlanmasında əməkləri olan İncəsənət kafedrasının müdiri Cavid İsmayılov, baş laborant Süsən Əliyeva və baş laborant Vəfa Əliyeva “Təşəkkürnamə” ilə təltif edilib.



26.12.2019 | 18:27