“Müasir məktəb-Uşaq hüquqları”

Paytaxtın Səbail rayonunda yerləşən 239 nömrəli tam orta məktəbdə “Müasir məktəb-Uşaq hüquqları” mövzusunda  tədbir keçirilib. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı, AMEA-nın professoru Qənirə Paşayeva, Kərkükdən qonaq gələn şair-jurnalist Şəmsəddin Küzəçi, BŞTİ-nin  əməkdaşı Şirindil  Əhmədov, Səbail Rayon İcra Hakimiyyətinin, rayon polis idarəsinin əməkdaşları, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Regional Hüquqi və İqtisadi Maarifləndirmə təşkilatının rəhbəri  Arzu Bağırova, KİV nümayəndələri və digər şəxslər iştirak edib.

 

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbiri  giriş sözü ilə açan məktəbin direktoru Sədaqət Əzimova ölkəmizdə aparılan uğurlu təhsil islahatlarından söz açıb. Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışıb. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına toxunan direktor bildirib ki, ölkəmiz də bu konvensiyaya qoşulub. S.Əzimova Uşaq hüquqları bəyannaməsində göstərilən müddəalardan söz açaraq bildirib ki, fiziki və əqli cəhətdən yetkin olmadığına görə uşağın istər doğulmazdan əvvəl, istərsə də doğulduqdan sonra xüsusi mühafizəyə və qayğıya, o cümlədən lazımi hüquqi müdafiəyə ehtiyacı var. Uşaq hüquqları haqqında geniş məlumat verən direktor onu da qeyd edib ki, təhsil ocağında bu istiqamətdə maarifləndirmə işləri həyata keçirilir.

 

Tədbirdə çıxış edən Qənirə Paşayeva uşaqların təhsil hüququndan geniş məlumat verib. Ölkəmizdə uşaqların təhsil almaları üçün hər bir şəraitin olduğunu vurğulayan Q.Paşayeva bildirib ki, dünyada hazırda elə uşaqlar var ki, onlar təhsil ala bilmir, bu hüquqdan məhrumdular. Bu baxımdan, ölkəmizdəki şəraitin fərqində olmağı şagirdlərə bildirən natiq, bu imkanlardan maksimum istifadə etməyi onlara tövsiyə edib. Bildirilib ki, hər bir insan  öz hüquqlarını bilib qorumaqla yanaşı,  digərlərinin də hüquqlarına hörmətlə yanaşmalıdır. Uşaq hüquqları ilə yanaşı, insan hüquqları haqqında da danışan Q.Paşayeva bu kimi məsələlərə təhsil ocaqlarında böyük önəm verilməsinin vacibliyindən də söz açıb.

 

Şair-jurnalist Şəmsəddin Küzəçi çıxışında İraqda olan uşaqlardan, onların hüquqlarının məhdudiyyətindən söz açıb. Azərbaycan hökumətinin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açan qonaq, ölkəmizdə uşaqların təhsil alması üçün maksimum şəraitin olduğunu da xüsusi vurğulayıb.

 

Digər çıxış edənlər də mövzu ətrafında şagirdlərə maarifləndirici məlumatlar verib.

 

Tədbirdə məktəbin “Xor” kollektivinin ifa etdiyi “Uşaqlar heç ağlamasın” mahnısı iştirakçılar tərəfindən alqışla qarşılanıb. Məktəbin yuxarı sinif şagirdlərinin “Uşaq hüquqları”  haqqında  təqdimatları iştirakçılarda marağa səbəb olub.

 

Niyazi RƏHİMOV



28.12.2019 | 10:20