"Günəşin axtarışında" beynəlxalq işçi qrupunun hesabatı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Günəşin axtarışında” beynəlxalq işçi qrupunun 2018-2019-cu illərə dair fəaliyyətinin hesabatıi  təqdim olunub.

 

Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi, UNESCO kafedrasının dosenti Rizvan Hüseynov ölkə rəhbərliyinin milli irsin araşdırılması və qorunmasına dair iradəsini əks etdirən məsələlərə toxunaraq, yerli iş adamlarının dəstəyi ilə 80-dən artıq ekspedisiya, təşkil olunmuş tədbirlər, müxtəlif formatda ictimai məlumatlandırmalar barəsində bilgi  verib, bir neçə mədəni abidənin dağıdılmasının işçi qrup tərəfindən qarşısının alınmasını diqqətə çatdırıb.

 

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-in müzakirə olunan beynəlxalq layihə üçün baza kimi çıxış etməsindən, MEK-in müasir standartlara cavab verən formatda hazırlanan və UNESCO tərəfindən layihə üçün təsdiq edilən elektron kataloqundan, kataloqun informasiya baxımından kifayət qədər tutumlu olmasından danışıb.  L.İmanova bildirib ki, “Günəşin axtarışında” işçi qrupu və Vətəndaş təşəbbüsü qrupu (VTQ) tərəfindən təqdim olunan 100-ə yaxın abidə haqqında məlumat sistemləşdirilib və  e-kataloqda fotolar da daxil olmaqla e-bazada yerləşdirilib. 

 

Tədbirdə iştirak edən İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi Elxan Məmmədov, AMEA Arxeologiya İnstitutunun Elmi Şurasının üzvü Fərhad Quliyev, tarixçi, AMEA Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Abbas İslamov, Müəllif Hüquqları Agentliyinin eksperti Elşad Əlili, işçi qrupun üzvləri Elşən Hüseynov, Şəfa Mövsümov, Əşrəf Əhmədov, İlqar Həsənov və başqaları fəaliyyətin rəsmi müstəviyə keçirilməsini, icra strukturlarının layihəyə cəlb olunmasını, təqdim olunan fəaliyyətin strateji proqram əsasında davam etdirilməsini və sistemli şəkildə ölkə miqyasında tətbiqini tövsiyə ediblər.

 

Müzakirələrdə təqdim olunan abidələrin, demək olar ki, hamısının üzərində günəş rəmzinin olmasından, abidələr haqqında toplanan materialların cografiyanın toponimikasının öyrənilməsinə və Azərbaycanda turizm marşrutlarının formalaşdırılmasına verə biləcəyi töhfədən söhbət açılıb.

 

Tədbir iştirakçıları layihənin genişçləndiriləcəyi təqdirdə VTQ tərəfindən Heydər Əliyev fonduna rəsmi müraciət edilməsi, ekspedisiya üzvlərinin gündəlik xərclər ilə təmin edilməsi, abidələrin üzərinə mühafizə məqsədilə vurulması zəruri olan informasiyanın standart formatının hazırlanması, bərpa və mühafizəsinə xüsusi yanaşmanın tətbiq olunması, çəkiliş texnikası və imkanlarını təkmilləşdirmək məqsədilə dronlardan istifadə edilməsi, “Bərpa məktəbi”nin yaradılması, abidələrin yerli, ölkə və beynəlxalq miqyasda dəyərləndirilmə meyarlarına yenidən baxılması kimi təkliflər səsləndirilib. 

 

Qeyd edək ki, "Günəşin axtarışında" qrupu 2018-ci ilin aprel ayında Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü ilə mənəvi ənənələrin, mədəniyyətlərin xüsusiyyətlərinin və dinlərarası dialoqun müqayisəli araşdırılması üzrə UNESCO kafedrasının dəstəyi ilə AMEA Mərkəzi Elmi Kitabxanasının bazasında yaradılıb. İşçi qrupuna Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Litva və digər ölkələrdən olan alimlər, ictimai xadimlər, fəallar, tarixçilər daxildir. 

 

İşçi qrupun üzvü, “European Association for the Advancement of Archaeology by Experiment (EXAR)” və “Global Heritage Network Community” üzvü, Azərbaycan ərazilərinin milli maraqlar və elmi prinsiplərə əsaslanan araşdırıcısı, arxeoloq-bərpaçı Tatyana Krupa bu təcrübənin tək Azərbaycan üçün deyil,  başqa ölkələr üçün də qiymətli olduğunu və tətbiqinin tövsiyə edildiyini bildirib. 



28.12.2019 | 12:44