“Nəsimi” filminin yaradıcı heyəti 137 nömrəli məktəbdə

Bakı şəhəri E.Məhərrəmov adına 137 nömrəli tam orta məktəbdə  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,  şair, mütəfəkkir İmadəddin  Nəsiminin 650 illik yubileyinə həsr olunan  ədəbi-bədii tədbir  keçirilib.

 

Tədbirdə tərcüməçi şair  Sayman Aruz , akademik Teymur Kərimli , millət vəkili Fazil Mustafa , “Nəsimi” filmində Şeyx rolunun ifaçısı , kinorejissor  , Xalq artisti Şeyx Əbdül  Mahmudov , “Nəsimi” filmində Nəiminin qızı rolunun ifaçısı Xalq artisti Xalidə Quliyeva iştirak ediblər.

 

Məktəbin direktoru Mətanət Abdullayeva qonaqları salamladıqdan sonra akademik Teymur Kərimli Nəsimi yaradıcılığında humanist, ümumbəşəri ideyalar,  şairin poeziyasında dünyəvi və ilahi məhəbbətdən danışıb,  özünün “Nəsimi” kitabını məktəbə hədiyyə edib.

 

Tədbirin aparıcısı,  şair Sayman Aruz  dahi  mütəfəkkirin bədii yaradıcılığının   Azərbaycan dilinin və şeirinin, ümumiyyətlə irfan mədəniyyətinin tarixi inkişafının öyrənilməsi baxımından böyük əhəmiyyətindən danışıb.

 

Millət vəkili Fazil Mustafa  Nəsimi ədəbi məktəbinin sənətkarlıq xüsusiyyətlərindən, şairin yaradıçılığındakı  poetikanın gözəlliyindən bəhs edib.  Xalq artisti,  kino-rejissor Şeyx Əbdül Mahmudov “Nəsimi” filminin çəkiliş tarixindən söhbət açıb.

 

“Nəsimi” filmində Nəiminin qızı rolunun ifaçısı, Xalq artisti Xalidə Quliyeva filmin çəkilişindən , oynadığı  roldan danışıb.

 

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universitetinin Muğam kafedrasının müəllim və tələbələri Nəsiminin qəzəllərini ifa ediblər.



29.12.2019 | 16:41