AzTU-nun şəhidliyi ilə ucalan məzunu

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Milli Qəhrəman Çingiz Qurbanovun şəhidlik zirvəsinə ucalmasının ildönümüdür.

 

Bu münasibətlə AzTU-nun kollektivi Qusarın Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət edib.

 

Anım tədbirində Müdafiə Nazirliyi, rayon icra hakimiyyəti və “Veteran” təşkilatının rəsmiləri, Milli Qəhrəmanın ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

AzTU-nun rektoru Vilayət Vəliyev Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yoluna nəzər salıb. Bildirib ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olub. Bununla Çingiz Qurbanov yeni tarix yazmağı bacarıb. Rektor Çingizin qəhrəmanlığının Azərbaycan gəncliyinə, xüsusilə də AzTU tələbələrinə hər zaman örnək olacağını  qeyd edib.

 

Xatırladaq ki, bütün beynəlxalq normaları pozan erməni tərəfi şəhidin nəşini verməkdən boyun qaçırsa da, Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin səyləri nəticəsində 2017-ci il fevralın 5-ində Çingiz Qurbanovun nəşi geri qaytarılıb və ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.  2018-ci ildə AzTU-nun Elmi Şurasının qərarı ilə  Çingiz Qurbanovun adına təqaüd təsis olunub.



30.12.2019 | 13:40