Mənəvi birliyimizin simvolu

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik  Günü artıq neçə illərdir ki, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının mənəvi birliyinin simvoluna çevrilib. Bu bayram harada yaşamasından asılı olmayaraq, hər  bir soydaşımızı vahid Azərbaycançılıq ideologiyası ətrafında möhkəm birləşdirir və müasir, müstəqil  Azərbaycanın taleyüklü məsələlərində eyni prizmadan mövqe ortaya qoymağa, dövlətimizi qorumağa, Vətənimizi  daim müdafiə etməyə çağırır.

 

Güclənən birlik duyğusu, həmrəylik arzusu və bunun rəsmi bayramla möhkəmlənməsi dünyadakı azərbaycanlılar arasında əlaqələrin intensivliyi, mənəvi  yaxınlıq, birgə çalışmaq, təşəbbüslər irəli sürmək, diaspor təşkilatlarının fəaliyyətini gücləndirmək, sonunda Vətənimiz naminə böyük işlərə, vacib təbliğatlara imza atmaq məsuliyyətini yaradıb.

 

Dünya azərbaycanlıları bu gün də, sabah da bu məsuliyyəti öz çiyinlərində daşımaqla böyük uğurlar qazanmağı hədəf seçiblər. Azərbaycanın inkişafı üçün çalışmaq, onun ərazi bütövlüyünü qorumaq hamımızın müqəddəs borcuna çevrilib.  Hər bir soydaşımızın amalı  ondan ibarətdir  ki, Azərbaycan qlobal miqyasda daha böyük uğurlara nail olsun! Azərbaycan öz iqtisadi və siyasi müstəqilliyini əbədi qoruyub saxlaya bilsin!  Dünya azərbaycanlılarının  həmrəylik duyğusu elə  qorunsun, yaşasın  ki,  sərhədlər, uzaq coğrafi məsafələr aramıza girməsin, mənəvi məsafəmiz  olmasın, mənəvi birliyimiz, gücümüz sarsılmaz qalsın! İşğal altında olan əzəli torpaqlarımız düşmən tapdağından tezliklə azad edilsin, qələbə soraqlı üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalansın!

 

31dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı təbrik edir,  dünya azərbaycanlılarına müstəqil Azərbaycanın daha da güclənməsi naminə birgə fəaliyyətlərində həmişə həmrəy olmağı arzulayırıq!   

 

“Azərbaycan müəllimi”      



31.12.2019 | 10:01