Azərbaycan, rus və dünya ədəbiyyatına baxış

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin Moskvadakı “Xudojestvennaya literatura” nəşriyyatında “Ədəbiyyat, zaman və müasirlik” adlı kitabı nəşr olunub. Kitabın “Ədəbiyyat nəzəriyyəsi” bölməsində Azərbaycan ədəbiyyatındakı ədəbi cərəyanların tarixi təkamül prosesləri, estetikası və poetikasından, habelə əsas yaradıcılarının xidmətlərindən geniş bəhs olunub. Bu bölmədə, eyni zamanda ədəbi növlərin və janrların təsnifatı məsələsinə yenidən baxılaraq, satiradan ədəbi növlərdən biri kimi söz açılır.

 

Azərbaycan ədəbiyyatı tarixinə həsr edilən portret-oçerklər İ.Həbibbəylinin müəllifi olduğu dövrləşdirmə konsepsiyası əsasında və xronoloji qaydada təqdim edilib.

 

Kitabda intibah dövrü Azərbaycan ədəbiyyatı- Nizami Gəncəvi, orta əsrlər- İmadəddin Nəsimi, erkən yeni dövr- Molla Pənah Vaqif, tənqidi realizm epoxası- Cəlil Məmmədquluzadə və Eynəli bəy Sultanov, romantizm- Hüseyn Cavid, sovet dövrü ədəbiyyatı- Səməd Vurğun kimi sənətkarlarla, müstəqillik mərhələsi isə Rəşad Məcidlə təmsil olunub.

 

Monoqrafik tədqiqatın “Folklorşünaslıq və mədəniyyət” bölməsində “Kitabi-Dədə Qorqud” dastanındakı Təpəgöz boyunun tipologiyası izah edilib, Gəmiqaya-Qobustan mədəniyyəti, Orxon-Yenisey abidələri təhlildən keçirilib.

 

“Rusiya ictimai-ədəbi mühiti” bölməsində “Mixail Şoloxov və Azərbaycan ədəbiyyatı” oçerki yerləşdirilib; Nobel mükafatı laureatı, məşhur fizik, akademik Jores Alfyorovla müsahibə oxuculara çatdırılıb.

 

“Dünya ədəbiyyatı” bölməsində Azərbaycan-Çin ədəbi-mədəni və elmi əlaqələrindən, “Oxşar ədəbi talelər” rubrikasında isə türk xalqları ədəbiyyatlarının dövrləşdirilməsindən, Azərbaycan-qazax və türkmən ədəbi əlaqələrindən bəhs edilir, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov “ədəbi mogikan” adlandırılır.

 

Kitabda fizika və lirikanın qarşılıqlı əlaqələrinə, ədəbiyyatda multikultural dəyərlərin bədii ifadəsinə dair məqalələr “Elmin üfüqləri” bölməsində yer alıb.

 

Kitab Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsinin, görkəmli yaradıcılarının, böyük ənənələrinin rusdilli məkanda elmi səviyyədə təbliği üçün zəngin mənbədir.



09.01.2020 | 18:35