“İrəvan xanlığı” kitabı alman dilində

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının alman dilində nəşrinin təqdimat mərasimi keçirilib.

 

Tarix İnstitutundan verilən məlumata görə, “İrəvan xanlığı” kitabı Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb.

 

Kitabın elmi redaktoru və layihə rəhbəri institutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, yeni nəşr  ermənilərə, onların havadarlarına, bütövlükdə dünya ictimaiyyətinə ciddi bir mesajdır.  O, bu kitabın indiyədək bir sıra dillərə - türk, ingilis, rus, rumın, italyan, ərəb və ispan dillərinə tərcümə olunduğunu qeyd edib.

 

Akademik deyib ki, müasir Ermənistanın ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub:” Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir”.

 

Tədbirdə bildirilib ki, “İrəvan xanlığı” kitabı müxtəlif dünya dillərinə tərcümə edilib və nəşrin İtaliyada, Rumıniyada, Misirdə, Küveytdə və digər ölkələrdə təqdimatı keçirilib. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurub. Prezident İlham Əliyev bütün bu uğurlara görə Tarix İnstitutunun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.

 

Tədbir çərçivəsində İrəvan xanlığına həsr olunan videoçarx nümayiş etdirilib.

 

Almandilli oxuculara təqdim olunan kitabda İrəvan xanlığının əhalisi, sosial-iqtisadi həyatı, sərhədləri, inzibati bölgüsü, idarəçilik sistemi, mədəniyyəti və xarici siyasətindən, çar Rusiyasının işğalçılıq planlarından, xanlığın çar Rusiyası tərəfindən ələ keçirilməsindən, işğal olunmuş İrəvan xanlığı ərazisinə ermənilərin Qacarlar dövründən və Osmanlı imperiyasından kütləvi surətdə köçürülmələrindən, İrəvan xanlığı ərazisindəki azərbaycanlılara məxsus yer adlarının kütləvi surətdə dəyişdirilməsindən bəhs edilir.



13.01.2020 | 19:26