Moskva Dövlət Universiteti Suriyada filial aça bilər

Rusiyanın ən nüfuzlu ali təhsil müəssisəsi olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin  Suriyada filialı açıla bilər.

 

"Uçitelskaya qazeta"nın məlumatına əsasən, bu barədə MDU-nun rektoru, akademik Viktor Sadovniçi bildirib. Rektor mətbuata açıqlamasında  MDU-nun Dəməşqdə filialının açılması  imkanını təsdiq edib.  Rektor qeyd edib ki, filialda tələbə hazırlığı təbiətşünaslıq və riyaziyyat istiqamətləri üzrə aparılacaq.

 

"Bu istiqamətdə danışıqlar aparılıb, biz növbəti qərarları gözləyirik. Mən düşünürəm ki, tədris təbiət fənləri üzrə aparılacaq, orada riyaziyyat ənənəvi fənn hesab olunur",-deyə V.Sadovniçi bildirib.    

 

MDU-nun rektoru əlavə edib ki, bir neçə on il əvvəl Suriyada istedadlı riyaziyyatçılar hazırlayan məktəb mövcud olub. "Lakin Suriyada məlum  hadisələrdən sonra məktəb öz fəaliyyətinə son qoyub.  Bir neçə ay əvvəl mən Suriyadan olan yüksək nümayəndə heyəti ilə müzakirələr apardım,  onlar bu ənənənin mümkün davamı haqqında məsələ qaldırdılar. Hazırda bu barədə  ilkin müzakirələr gedir", - deyə rektor bildirib.

 

Oruc MUSTAFAYEV



14.01.2020 | 15:38