20 Yanvar-xalqımızın azadlıq mübarizəsində şərəf və qəhrəmanlıq səhifəsi

Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

 

Universitetin 2 saylı tədris binasının qarşısında 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ziyarətindən sonra tədbir böyük akt zalında davam etdirilib.

 

Rektor Elçin Babayev Qanlı Yanvar faciəsinin XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olduğunu qeyd edərək ölkəmizin suverenliyi və azadlığı uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin əbədi yaşayacağını bildirib.

 

E.Babayev ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə pislədiyini xatırladıb, faciəyə ilk dəfə siyasi-hüquqi qiymətin də məhz Ulu öndər tərəfindən verildiyini vurğulayıb.

 

Rektor Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailə üzvləri,  əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində verdiyi sərəncam və fərmanlara diqqət çəkərək əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzlərinin inşa olunduğunu bildirib.

 

Tarix fakültəsinin dosenti Səidə Quliyeva bildirib ki, 20 Yanvar qəhrəmanlıq və milli mübarizə tariximizin növbəti səhifəsidir.

 

Sonra qanlı hadisədə şəhid olmuş Yanvar Nəsirovun həyat yoldaşı, 20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması İctimai Birliyinin sədr müavini, Filologiya fakültəsinin əməkdaşı Almara Nəbiyeva çıxış edib. O, 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu qeyd edib.

 

Tədbirin sonunda tələbələr Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər poeması”ndan hissələr səsləndirib, universitetin “Gənc istedadlar” liseyinin şagirdlərinin təqdimatında səhnəciklər göstərilib və “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeiri təqdim edilib.

 



17.01.2020 | 18:40