Tariximizin kədərli və qəhrəmanlıq səhifəsi

Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir şəhər Təhsil Şöbəsi və Mingəçevir şəhər Texniki-humanitar liseyin (THL) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “20 Yanvar faciəsinin səbəb və nəticələri” mövzusunda elmi-praktiki konfrans keçirilib.

 

 

Adıçəkilən liseyin direktoru Nailə Məmmədova, universitetin rektoru Şahin Bayramov və təhsil şöbəsinin müdiri Sahib Məmmədov 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan birgə silsilə tədbirlərin tələbə və şagirdlərin Azərbaycanın yeni tarixini öyrənməsi,onların vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından vacib əhəmiyyət daşıdığını  bildiriblər.

 

Tədbirdə THL-in bir qrup şagirdi və MDU-nun tələbələri 20 Yanvarla bağlı məruzələrlə çıxış ediblər.

 

MDU-nun və THL-in müəllimlərinin elmi rəhbərliyi ilə hazırlanan məruzələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğın törədilməsi və nəticədə 134  soydaşımızın amansızcasına qətlə yetirilməsi, 700-dən çox adamın yaralanması, 321 nəfərin itkin düşməsi, yüzlərlə insanın həbs edilməsi faktları konfrans iştirakçılarının diqqətinə çatdırılıb. 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq salnaməsi kimi xarakterizə edən tələbə və şagirdlər bu faciəyə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini xüsusi vurğulayıblar.

 

...

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan tədbirdə rektor, professor Mustafa Babanlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Bildirib ki, həmin müdhiş gecədən 30 il keçsə də, xalqımızın, Azərbaycan dövlətinin şəhidlərimizə, onların ruhuna olan hörməti dəyişməzdir:” Çünki biz vətənimizi, onun övladlarını sevirik. Biz müharibəyə ölmək üçün yox, Vətənimizi, torpağımızı müdafiə etmək, düşməndən azad etmək üçün gedirik,  ona görə də zəfər bizim olacaqdır”.

 

Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev vətəni sevməyin, şəhidlərimizin ruhuna, onların varislərinə dərin ehtiram göstərməyin hər birimizin borcu olduğunu deyib.

 

Tədbirdə iştirak edən şəhid valideynləri, onların ailə üzvləri  göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, o cümlədən ADNSU-nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

...

 

 

AMEA-nın Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan tədbirdə institutun direktoru, akademik Validə Əlizadə Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən danışıb.

 

 

O deyib ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır:” Bu faciədə yüzlərlə Azərbaycan vətəndaşı şəhid olub, yaralanıb və xəsarət alıb, həmçinin qanunsuz  həbs edilib. Bununla insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub. Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib”.

 

İnstitutun ümumi işlər üzrə direktor müavini İmran Babayev 20 Yanvar hadisələrinin səbəblərini, həmin hadisələr ərəfəsində Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyəti, Ermənistanın əsassız ərazi iddiaları və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdləri ilə əlaqədar baş qaldırmış etiraz dalğasını, keçmiş sovet rəhbərlərinin xalqımıza qarşı məkrli siyasətini və digər mühüm məqamları xronoloji ardıcıllıqla təqdim edib.

 

...

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbirdə universitetin rektoru,  professor Cəfər Cəfərov çıxış edib və bildirib ki, əksəriyyətimiz həmin hadisələrin canlı şahidləriyik. Onun sözlərinə görə,  1990-cı il  yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən  nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi.

 

Rektor deyib ki, SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı:”Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu”.

 

Tədbirdə Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının professoru Xəqani Məmmədov və “20 Yanvar Cəmiyyəti”nin nümayəndəsi, 20 Yanvar hadisələrinin şahidi Cavid Abdullayev çıxış edərək,  o qanlı gecəni   xalqımızın faciəsi, həm də  qəhrəmanlıq günü kimi səciyyələndiriblər.

 

...

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 20 Yanvar faciəsinin 30-cu ildönümündə   rektor, professor Ədalət Muradov şəhid ailələri ilə görüşüb, bildirib ki,   20 Yanvar  Ümumxalq Hüzn günü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın tarixinə birlik və şərəf günü kimi yazılıb. Onun sözlərinə görə, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi UNEC-də hər daim ehtiramla yad edilir. Ə.Muradov deyib ki, şəhidlərin xatirəsi həmişə əzizdir və xalqımız  onlarla hər zaman qürur duyur.

 

 

Sonra tədbir bədii hissə ilə davam edib.

 

UNEC  Yaradıcılıq Mərkəzinin və Tələbə teatrının Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında hazırladığı tamaşa nümayiş olunub. Poema və tarixi faktlar əsasında qurulan tamaşada 20 Yanvar hadisələrinə aparan siyasi durum, şəhidlərimizin qəhrəmanlığı tələbələrin ifasında xüsusi məharətlə canlandırılıb. Muğam parçaları və tələbə xanəndənin ifası ilə müşaiyət olunan tamaşa iştirakçılara kövrək anlar yaşadıb.

 

Tədbir çərçıvəsində Texnologiya və dizayn fakültəsi tələbələrinin 20 Yanvara həsr olunan rəsm əsərləri də nümayiş etdirilib.

 

...

 

 

20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən tədbirdə  universitetin televiziya studiyasının hazırladığı ali məktəbin  tələbəsi, 20 Yanvar şəhidi  İlqar Əhmədova həsr olunan “Azadlıq fədaisi” sənədli filmi nümayiş etdirilib.  Filmdə şəhidin müəllimləri və qrup yoldaşları onunla bağlı xatirələrindən danışıblar.

 

Sonra AzTU-nun rektoru Vilayət Vəliyev 20 Yanvar hadisələri barədə məlumat verib. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun və onun tərkibində çoxluq təşkil edən erməni silahlılarının xalqımıza qarşı birgə həyata keçirdiyi faciə  Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda gedən mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. O, faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini xatırladıb və Prezident İlham Əliyevin faciə qurbanlarının əziz xatirəsinin yad olunmasını hər zaman diqqətdə saxladığını, onların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müxtəlif fərmanlar, sərəncamlar imzaladığını qeyd edib.

 

Anım mərasimi 20 Yanvar şəhidlərinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam edib.

 

...

 

AMEA-nın Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusundakı  elmi konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev 30 il əvvəl baş verən hadisələrə diqqət çəkib. O, 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı hadisələrdən biri kimi xarakterizə edib.  Akademikin fikrincə, faciənin törədilməsinin müxtəlif səbəbləri var idi və bu hadisələrin arxasında müəyyən qüvvələr dayanırdı.

 

Tədbirdə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi”, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “20 Yanvar ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, həmin institutun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri,  dosent Toğrul Xəlilovun “20 Yanvar faciəsi-insanlığa qarşı cinayət” mövzusunda elmi məruzələri də dinlənilib.

 

...

 

 

Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbirində  rektor,  professor Havar Məmmədov və universitetin professor-müəllim heyəti foyedə şəhidlərin xatirəsinə həsr olunan tələbələrin əl işlərindən ibarət sərgiyə baxıblar.

 

 

20 Yanvar faciəsinin tarixini özündə əks etdirən videoçarxın nümayişindən sonra H.Məmmədov hadisələrin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etməsindən danışıb.  O deyib ki, sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı, bu yolda şəhidlər verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu. Ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etiraz səsini ucaltdığını, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdiyini diqqətə çatdıran professor, bu hadisələrə əsl hüquqi-siyasi qiymətin verilməsinin məhz Ulu öndərin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu nəzərə çatdırıb.

 

Sonra BMU-nun Ümumi fənnlər kafedrasının müdiri, dosent Bilal Dədəyev, Memarlıq və inşaat mühəndisliyi fakültəsinin tələbəsi Uğur Piriyev çıxış ediblər. Çıxışlarda 20 Yanvar hadisələri ilə bağlı məqamlara, tarixi faktlara toxunulub.

 

Sonda isə tələbələrin ifasında 20 Yanvar gecəsi həlak olan körpələrin xatirəsinə həsr edilən “Ana harayı” lirik-xoreoqrafik kompozisiya nümayiş olunub.

 

...

 

ADPU-nun Quba Filialının rəhbərliyi, professor-müəllim  və tələbə kollektivi  20 Yanvar faciəsinin ildönümü ilə bağlı Qubadakı  Şəhidlər Xiyabanını və xiyabandakı Şəhidlər Muzeyini  ziyarət ediblər.

 

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlq göstərərək həlak olmuş özməz şəhidlərimizn məzarları üzərinə qərənfillər düzülüb.

 

Sonra  Şəhidlər Muzeyində  şəhid məktubları, şəkillər, kitablar, Quba şəhidlərinin bioqrafiyası ilə tanışlıq olub.

 

Quba filialının direktoru, dosent Yusif Alıyev muzeyin xatirə kitabına Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarla  bağlı düşüncələrini yazıb.

 

O, KİV nümayəndələrinə  bildirib ki, şəhidlik yüksək bir zirvədir və  vətən üçün canını verən hər bir kəs bu zirvəyə yüksələrək əbədiyyətə qovuşur.

 



21.01.2020 | 13:00