“Azadlığa gedən yol”

Bakıdakı Heydər Əliyev adına liseydə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “Azadlığa gedən yol” adlı anım tədbiri keçirilib. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı, qonaqlar, KİV-nümayəndələri iştirak edib.

        

Liseyin direktoru Sevinc Orucova 20 Yanvar faciəsi haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, bu faciə Azərbaycanin tarix səhifəsinə qanla yazılmış bir gündür. Bakı şəhərində yanvarın 19-dan 20-nə keçən gecə yaşanan hadisələri sözlə ifadə etməyin qeyri-mümkün olduğunu deyən direktorun sözlərinə görə, məhz həmin gün Azərbaycan xalqı istiqlal, azadlıq istəyindən yola çıxaraq, bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirdi.

 

Xalqımızın qan yaddaşına həkk olunan günlərin liseydə qeyd edildiyini deyən S.Orucova diqqətə çatdırıb ki, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar liseyin ibtidai sinif şagirləri maraqlı təqdimatlar hazırlayıb, məktəblilər Şəhidlər Xiyabanını ziyarət edib, yuxarı sinif şagirdləri ilə seminar dərslər keçirilib.

        

Tədbirdə digər çıxış edənlər də Qanlı 20 Yanvar hadisələrindən geniş söhbət açıblar. 

 

Daha sonra 20 Yanvar hadisələrini əks etdirən video-çarx nümayiş olunub. Şagirdlərin ifasındakı ədəbi-bədii kompazisiyalar, şeirlər iştirakçılarda kövrək anlar yaşadıb.

                                                                          

Niyazi RƏHİMOV  



21.01.2020 | 15:42