Rusiyanın maarif naziri dəyişdi

Rusiya Federasiyası Hökumətinin yeni tərkibi açıqlanıb. Son vaxtlara qədər Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidmətinə (Rosobrnadzor) rəhbərlik etmiş Sergey Kravtsov ölkənin yeni maarif naziri vəzifəsinə təyin olunub.


Sergey Kravtsov 17 mart 1974-cü ildə anadan olub. 1996-cı ildə Moskva Dövlət Açıq Pedaqoji Universitetini "Riyaziyyat və kompüter elmləri müəllimliyi", 2000-ci ildə isə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (universiteti) "Dövlət və bələdiyyə idarəetmə" ixtisası (ingilis dili bölümü) üzrə bitirib. Pedaqoji elmlər doktoru, dosent, Rusiya Federasiyasının 3-cü dərəcəli dövlət müşaviridir.
 

1997-ci ildən S. Kravtsov kiçik tədqiqatçıdan Rusiya Təhsil Akademiyasının (RAO) Təhsil İdarəetmə İnstitutunun laboratoriya müdiri vəzifəsinə qədər yüksəlib. 2002-2008-ci illərdə Rusiya Federasiyası Təhsil Nazirliyində, Təhsil və Elmə Nəzarət Federal Xidmətində işləyib. 2008-2009-cu illərdə Federal Test Mərkəzinə, 2009-cu ildən 2011-ci ilədək Rusiya Təhsil Akademiyasının Təhsil İdarəetmə İnstitutuna rəhbərlik edib. 2011-ci ilin aprel ayında Rusiya Təhsil və Elm Nazirliyinin Regional İnkişaf İdarəsinə, 2012-ci ilin iyul ayından idarənin Proqram idarəetmə və müsabiqə prosedurları şöbəsinə rəhbər təyin olunub.

 

2013-cü ilin avqustundan S. Kravtsov Təhsil və Elmə Nəzarət Federal Xidmətinin rəhbəri təyin edilib. O, 2017-ci ildə "Rosobrnadzor"un rəhbəri olmaqla yanaşı, həm də Rusiya Federasiyasının təhsil və elm nazirinin müavini olub. 2018-ci ildə hökumətin strukturu dəyişdirildikdən sonra "Rosobrnadzor" nazirliyin tabeçiliyini tərk edib.

 


"Rosobrnadzor"a rəhbərlik edən S. Kravtsov vahid dövlət imtahanlarının keçirilmə prosedurlarına əməl olunmasına nəzarət üzrə sərt tədbirlər görüb. İmtahanlar ərəfəsində sual-tapşırıqların internetdə sızdırılması ilə bağlı araşdırmalar aparılıb, ictimai müşahidəçilər sistemi işə salınıb. Ayrıca olaraq "Rosobrnadzor" yanında vahid dövlət imtahanları və beynəlxalq tədqiqatlar da daxil olmaqla, təhsilin keyfiyyətininin qiymətləndirilməsinin vahid sistemi yaradılıb.  

 

Sergey Kravtsov 2016-cı ilin avqust ayından Rusiya Təhsil və Elm Nazirliyinə, 2018-ci ilin mayından isə Rusiya Maarif  Nazirliyinin rəhbəri olmuş Olga Vasilyevanı əvəz edib.

 

Oruc MUSTAFAYEV



22.01.2020 | 15:34