BDU-da “Açıq qapı” günü

Bakı Dövlət Universitetində (BDU) qış imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.

 

Rektor Elçin Babayev tələbələrin imtahanlarla bağlı yaranan istənilən müraciətlərinə İmtahan Qərargahı tərəfindən  operativ qaydada baxıldığını bildirib. O, tələbələrin imtahan prosesinə dəstək olmaq məqsədilə valideynlərə və dekan müavinlərinə müvafiq tapşırıqlarını verib. 

 

“Açıq qapı”da rektora ünvanlanan müraciətlər, əsasən qaib limitinin ötməsi, bu səbəbdən imtahana buraxılmayan və 1-2 balla imtahandan və yaxud əlaçı, zərbəçi təqaüdündən kəsilən tələbələrə güzəştlərin tətbiqi ilə bağlı olub. 

 

Görüşdə, həmçinin Gənc Alimlər Şurası və Tələbə Elmi cəmiyyətinin fəaliyyətinin yenidən qurulması, tələbələrin bu işə cəlb olunması məsələlərindən danışılıb. O da bildirilib ki, istedadlı tələbələrin üzə çıxarılması, onların elmi fəaliyyətə, qrant layihələrinə cəlb olunması məsələləri gündəmdədir. 

 

Rektor valideynlərə tələbələrin sosial fəallığının artırılması məqsədilə universitetin nəzdində Mədəniyət Yaradıcılıq Mərkəzi və İdman Sağlamlıq Kompleksinin yaradılacağı haqqında məlumat verib. 

 

İmtahan nəticələrinin vaxtında açıqlanmasından danışan rektor qeyd edib ki, bütün müraciətlər ətraflı araşdırılır və qaydalar çərçivəsində köməklik göstərilir. Bunun üçün BDU-nun müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıq verilib.

 

Rektor Elçin Babayev valideynlərin müraciətlərini də dinləyib.



28.01.2020 | 11:42