NDU müəllimi tədqiqat, ixtira və innovasiyalarla bağlı seminarda

Təhsil İnstitutunda ali təhsil müəssisələrinin elm şöbəsi, kitabxana, elmi nəşrlər və digər sahələrin əməkdaşları üçün “Open Access” mövzusunda seminar keçirilib. Tədbir Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində keçirilib.

 

Avropa İttifaqının maliyyə dəstəyi ilə beynəlxalq ekspert Daniel Spichtinger tərəfindən aparılan seminarda “Open Access”-in mahiyyəti və istifadə metodları, “Open Access” sisteminin qurulması və Azərbaycanda bu sahədə görülən tədbirlər barədə ətraflı məlumat verilib. Məqalələrin elmi nəşri, elmi jurnallara açıq qızıl, yaşıl və hibrid giriş xüsusiyyətləri, onların özünəməxsus üstünlükləri və mənfi cəhətləri müzakirə edilib.

 

Naxçıvan Dövlət Universiteti (NDU ) "İngilis dili və Tərcümə" kafedrasının müdiri, filologiya üzrə fələsəfə doktoru, dosent  İlhamə Məmmədova da seminarda iştirak edib.  

Qeyd edək ki, layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) strategiyası və idarə edilməsinin gücləndirilməsindən ibarətdir.



28.01.2020 | 19:30