SDN texnologiyalarının təhlükəsizliyi problemləri araşdırılır

SDN şəbəkə administratorlarına yüksək səviyyəli funksionallıqlar vasitəsilə şəbəkələri idarə etməyə imkan verir. Ənənəvi şəbəkə arxitekturlarından fərqli olaraq, SDN şəbəkə idarəetmə modelini asanlaşdırır ki, bu da operatorların şəbəkəni daha rahat idarə etməsinə imkan verir. Mərkəzləşdirilmiş idarəetmə məntiqi qlobal şəbəkə görünüşünə malikdir və operator şəbəkə xidmətlərini optimallaşdırmaq yaxud şəbəkənin işini yaxşılaşdırmaq üçün kifayət qədər məlumat verə bilir.

 

İnstitutdan verilən xəbərə görə,bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin əməkdaşı Orxan Mənsimzadə şöbənin növbəti elmi seminarında çıxışı zamanı məlumat verib. “SDN texnologiyalarının təhlükəsizliyi problemləri” mövzusunda məruzəsini təqdim edən O.Mənsimzadə bu texnologiyanın arxitekturasından söz açıb, onun tətbiqi, idarəetmə və məlumatötürmə səviyyəsinin mövcud olduğunu qeyd edib.

 

Məruzəçinin sözlərinə görə, tətbiqi səviyyə şəbəkə operatorlarının müxtəlif tələblərinə sürətlə cavab verməyə imkan yaradır. İnnovativ tətbiqi proqram təminatı SDN idarəediciləri üzərində işləmək üçün qurulmuşdur və şəbəkə virtuallaşdırması, trafik monitorinqi, təhlükəsizliyin təkmilləşdirilməsi, yük balansı və s. kimi müxtəlif tələbləri yerinə yetirir.

 

Növbəti səviyyə ümumi SDN funksiyalarını idarə edən bir idarəedicidən ibarətdir. Bu səviyyə tətbiqi və məlumatötürmə səviyyələri arasında vasitəçi rolunu oynayır. İdarəedici bütün trafik axınının idarə olunması üçün məsuliyyət daşıyır və proqramlaşdırma vasitəsilə marşrutlaşdırma, trafikin yönləndirilməsi, paketin göndərilməsi ilə bağlı qərar qəbul edir.

 

Məlumatötürmə səviyyəsi isə şəbəkə elementlərindən və paket ötürülməsini təmin edən qurğulardan ibarətdir .

 

O.Mənsimzadə, həmçinin SDN-in perspektivləri və kontrollerləri  haqqında ümumi məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıb.

 

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

Yusif ƏLİYEV



10.05.2018 | 17:59