Milli Kitabxana Tarix İnstitutunun nəşrlərini dünya kitabxanalarına göndərəcək

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında AMEA-nın Tarix İnstitutunun 2019-cu ildə nəşr olunan kitablarının kitabxanaya təqdimetmə mərasimi keçirilib.

 

İnstitutdan verilən məlumata görə, tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Milli Kitabxanadır.

 

Tədbirdə kitabxananın direktoru, professor  Kərim Tahirov  institut əməkdaşlarının tədqiqat işlərinə çox yüksək qiymət verdiyini,  Tarix İnstitutunun nəşrlərinin türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunduğunu diqqətə çatdırıb. O deyib ki, Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurub və dövlət başçısı bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.

 

 

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov ötən il  elmi müəssisədə 43 adda yeni kitab nəşr olunduğunu və onların nəşr kimi mühümlüyünü qeyd edib. “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi sistemində partiyalar və parlament (1918-1920)” (rus dilində),  İrəvan xanlığının tarixinə dair 4 adda broşür (ispan və ərəb dillərində), “Real tarix və “Böyük Ermənistan” uydurması” (türk, ərəb və fransız dillərində), “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix”, “Tiflis əmirliyi”, “Azərbaycanın Şəki bölgəsi 1917-1920-ci illərdə”, “Azərbaycanın Zəngəzur bölgəsi 1918-1920-ci illərdə”, “Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)”, “İngiloylar: zorakı xristianlaşdırmaya və gürcüləşdirməyə qarşı mübarizə tarixindən” və digər kitablar çap olunub”-deyə Y.Mahmudov siyahını təqdim edib.

 

Sonda Tarix İnstitutu ilə Milli Kitabxana arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, müştərək elmi əsərlər çap ediləcək, birgə elmi layihələr və elmi tədbirlər həyata keçiriləcək, qarşılıqlı olaraq elektron kataloqdan istifadə ediləcək. Həmçinin Milli Kitabxana Tarix İnstitutunun nəşrlərini dünya kitabxanalarına göndərəcək.



30.01.2020 | 10:31