İctimai Şura və media təmsilçiləri Gəncə Dövlət Universitetində

Gəncə Dövlət Universitetində təhsilin  əyani və qiyabi səviyyəsində  müvafiq ixtisaslarda təhsil alan tələbələrin qış semestr imtahanının təşkili prosesini müşahidə etmək üçün İctimai Şura  baxış keçirib.

 

Baxışda məqsəd auditoriyalarda imtahanların gedişini izləmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini  müşahidə etməkdən ibarət olub.   

 

Universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədov, elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə və humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva  İctimai Şuraya  universitetdə imtahan prosesinin mövcud qaydalara və normativ sənədlərə uyğunluğu, eləcə də zəruri hazırlıq tədbirləri barədə ətraflı məlumat veriblər.

 

Bildirilib ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həlli məqsədilə universitetdə imtahan qərargahı, apelyasiya komissiyası və “qaynar xətt” yaradılıb.

 

Müşahidəçilər universitetdə fəaliyyət göstərən imtahan qərargahı, apelyasiya komissiyası və “qaynar xətt”- in iş prinsipi ilə tanış olublar.

 

Müşahidəçilər  və media nümayəndələri imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşüb, universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını qeyd ediblər.  



30.01.2020 | 11:39