“Gənclər günü ilə könüllülük hərəkatı vəhdətdədir, bir-birini tamamlayır”

Bakı Slavyan Universitetində (BSU)  2 Fevral-Azərbaycan Gənclər Günü ilə bağlı tədbir keçirilib.

 

BSU-nun rektoru, professor Nurlana Əliyeva ölkədə gəncliyə böyük diqqət və qayğı olduğunu,  çoxsaylı gənclər təşkilatlarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb, 1996-cı il  fevral ayının 2-də keçirilən Müstəqil Azərbaycan Gənclərinin I Forumunun xüsusi əhəmiyyətini qeyd edib. “Forumda gənclərin bütün təbəqələrini: tələbələri, hərbçiləri, jurnalistləri, siyasi partiya və gənclər təşkilatlarını təmsil edən 2 mindən çox nümayəndə iştirak etmişdi. Forumda böyük nitq söyləyən Heydər Əliyev gəncliyin qarşısında çox böyük vəzifələr durduğunu, onun əsas vəzifəsinin isə özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olduğunu qeyd etmişdi.  1997-ci il fevral ayının 1-də ulu öndər Heydər Əliyev gənclər təşkilatlarının  nümayəndələri ilə görüşündən sonra, onların xahişini yerinə yetirərək 2 fevralın Gənclər Günü elan edilməsi haqqında Fərman imzaladı”-deyə rektor bu günün yaranması ilə bağlı tarixi şəraiti yada salıb.

 

O, gənclər günü ilə könüllülük hərəkatının vəhdətdə olduğu, bir-birini tamamladığını qeyd edərək, ölkədə gənclərlə bağlı böyük işlər, genişmiqyaslı tədbirlər görüldüyünü, müxtəlif layihələr, dövlət proqramlarının icra edildiyini bildirib:”Könüllülük cəmiyyəti, xalqı ən xoş niyyətlər uğrunda fəaliyyət göstərməyə sövq edən, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı, zəngin milli-mənəvi dəyərlərimizin nadir töhfəsidir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Təqdirəlayiq haldır ki, BSU-nun min nəfərdən çox tələbə-könüllüsü respublika və beynəlxalq miqyaslı tədbirlərdə universitetimizi layiqincə təmsil edirlər”.

 

Tədbirdə BSU-nun 35 nəfər tələbəsi 2 Fevral-Azərbaycan Gənclər Günü münasibətilə və universitetin ictimai həyatında göstərdikləri fəallığa görə təşəkkürnamə ilə təltif ediliblər.

 

Sonda dövlət gənclər siyasətinə həsr olunan  film təqdim edilib.



30.01.2020 | 18:32