Rusiya səfirliyinin nümayəndələri MEK-i ziyarət edib

Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müşaviri İqor Yeronin və mətbuat katibi Alina Zolotareva AMEA-nın Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.

 

MEK-də görkəmli rus yazıçısı A.P.Çexovun 160 illiyi münasibətilə təşkil edilən sərgi ilə yaxından tanış olan səfirlik nümayəndələrinə burada nümayiş olunan kitablar haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, sərgidə yazıçının müəllifi olduğu və haqqında yazılan, azərbaycan dilinə tərcümə olunan 400-dən çox əsər nümayiş etdirilir. Bu əsərlər arasında ən qədimi, 1912-ci ildə çap olunmuş “Çexovun  məktubları” nəşri xüsusi diqqət cəlb edib.

 

Qonaqlar Akademiklər zalında yerləşən Diplomatik fondu, Rus ədəbiyyatı, Qəzet və Nadir kitab fondlarını, oxu zallarını ziyarət edərək kitabxanada mühafizə olunan sənədlərlə tanış olublar.

 

İ.Yeronin Diplomatik fonda Rusiyanın Azərbaycandakı Səfirliyi tərəfindən nəşr olunan “Rusiya” jurnalının 1-ci sayını hədiyyə edib.

 

Qeyd edək ki, MEK 2014-cü ildən başlayaraq Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi, Moskva şəhərində Rusiya Dövlət Kitabxanası, Rusiya Elmlər Akademiyasının Təbii Elmlər Kitabxanası və Sankt- Peterburq şəhərində B.Yeltsin adına Prezident Kitabxanası,  A.Soljenitsın adına Moskva Rus Mühacirliyi Evi və Rusiya Federasiyasının regional kitabxanaları ilə əməkdaşlıq çərçivəsində müxtəlif formatlı tədbirlər, beynəlxalq kitab mübadiləsi həyata keçirib.

 

MEK-in Akademiklər zalında kitabxananın beynəlxalq tərəfdaşlarla  və müxtəlif ölkələrin səfirlikləri ilə qarşılıqlı əlaqələrinin nəticəsi olaraq hədiyyə olunan kitab və digər çap məhsullarından ibarət Diplomatik fond yaradılıb. Fondun “Rusiya Federasiyası” guşəsində Rusiya Dövlət Kitabxanası, A.Soljenitsın adına Moskva Rus Mühacirliyi Evi  tərəfindən  MEK-ə hədiyyə olunan 500-dən çox nəşr yer alır. MEK fondlarında isə ümumilikdə rus dilində 878.000 kitab, jurnal, dissertasiya, avtoreferat və s. sənədlər saxlanılır.

 



30.01.2020 | 15:51