Paleontoloji atlasın hazırlanmasına başlanılıb

“Azərbaycanın paleontoloji atlası”nın tərtib olunması üçün fundamental elmi işlərə başlanılıb. Müasir standartlara cavab verən  atlas AMEA-nın Geologiya və Geofizika İnstitutunda hazırlanır.

 

Azərbaycanın fauna və florasının müasir öyrənilmə dərəcəsi və stratiqrafik cəhətdən əhəmiyyətli olan qazıntı orqanizm qruplarının tərkibi haqqında məlumatlar əks olunacaq bu atlasın üç cilddə nəşri nəzərdə tutulur.

 

Birinci cild Azərbaycanın onurğasızlar faunasına (molyusklar, braxiopodlar, krinoideyalar, mikrofauna, mərcanlar və s.) həsr olunacaq. İkinci cild  onurğalılar faunasını (hipporion fauna, məməlilər, sürünənlər, quşlar və s.) əhatə edəcək. Üçüncü cilddə isə paleofloristik tədqiqatların nəticələri (yarpaq flora, bitkilərin spor-tozcuğu, diatomlar, dinosistlər, nanoplankton və s.) öz əksini tapacaq.

 

Məlumat üçün bildirək ki, Geologiya və Geofizika İnstitutunun Paleontologiya şöbəsində Azərbaycanın əhəmiyyətli qazıntı qrupları kompleks şəkildə öyrənilir. Ötən əsrdən indiyə kimi əldə olunan məlumatlara əsasən, paleontologiyaya aid çoxsaylı işlər dərc olunub və Devondan Holosenədək yaş dövrünü əhatə edən qazıntı orqanizmlərinin kolleksiyası Milli Təbiət Tarixi Muzeyində və Geologiya və Geofizika İnstitutunda saxlanılır.



04.02.2020 | 09:26