Davosdan dünya təhsili necə görünür?

Texnologiyaların sürətli inkişafı və rəqəmsallaşma dövründə  hərtərəfli  bilik və bacarıqlara malik insan kapitalının hazırlanması qloballaşan dünyanın əsas çağırışlarından biri kimi çıxış edir. Məhz texnologiyalar dövründə müasir bacarıqların 42 faizinin sıradan çıxmasına dair bədbin notlar  təhsilin cəmiyyət həyatında rolunun gücləndirilməsi zərurətini bir daha gündəmə gətirir. Yeni onillikdə hansı bacarıqlar olacaq? Təhsil sistemləri müasir bacarıqlar dəstinə malik mütəxəssis seqmentini necə hazırlamalıdır?

 

Bütün bu suallara İsveçrənin Davos şəhərində  hər il keçirilən dünyanın ən mötəbər tədbirlərindən olan Dünya İqtisadi Forumunda növbəti dəfə cavab tapmaq olardı. Builki 50-ci yubiley  Forumun əsas mövzusu “Vahid və davamlı dünya uğrunda maraqlı tərəflər” olub.  Forum həm də dünyanın təhsil mənzərəsinin, müasir təhsil problemlərinin  müzakirə olunduğu geniş bir paltforma kimi diqqət çəkir. 

 

Ümumdünya İqtisadi Forumun Davosda keçirilən iclasında yaxın 10 il ərzində təhsil sahəsində bacarıq və səriştələrin təkmilləşdirilməsi, təlimdə yenidən ixtisaslaşmanın tətbiqini nəzərdə tutan innovativ platformanın yaradılması qərara alınıb.  “Yenidən ixtisaslaşma inqilabı”  (Reskilling Revolution Platform) adlandırılan yeni platformanın hədəfi 2030-cu ilə qədər dünyada 1 milyard insanın yenidən hazırlanması əsasında yeni bacarıq və səriştələr qazanmasını təmin etməkdir. Reskilling  platforması  milyonlarla iş yerlərinin gözlənilən ixtisarı və texnoloji dəyişikliklər nəticəsində bacarıqların qeyri-sabitliyinə qarşı karyeralarını qoruyub saxlamaq üçün lazım olan bacarıqları olan qlobal işçi qüvvəsinin hazırlanmasını nəzərdə tutur. O, həmçinin dördüncü sənaye inqilabı, dünya iqtisadiyyatında baş verən dəyişikliklər və sənayenin davamlı inkişafa keçməsi nəticəsində yaradılacaq milyonlarla yeni funksiyaları yerinə yetirmək məqsədilə müəssisə və iqtisadiyyatları  lazım olan ixtisaslı işçi qüvvəsi ilə təmin etmək üçün nəzərdə tutulub.

 

“Daha mütəşəkkil və inklüziv cəmiyyətin formalaşmasına kömək etməyin ən yaxşı yolu bütün insanları layiqli iş və qazancla təmin etməkdir. Biz burada, Davosda  dördüncü sənaye inqilabı dövründə milyardlarla insana lazım olan bacarıqları vermək üçün dövlət-özəl platforması yaradırıq. Bu transformasiyanın miqyası və aktuallığı yenidənhazırlanma inqilabından  başqa bir şey tələb etmir”, - deyə Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab bildirib.

 

Dünya İqtisadi Forumu hesab edir ki, yaxın illərdə avtomatlaşdırma və texnoloji inteqrasiya səbəbi ilə  75 milyon iş yerinin ixtisarı gözlənilir. Bu reallıq  fonunda qeyri-bərabər imkanlar, böyük miqyaslı işsizlik və gəlirlərin bərabərsizliyi ilə bağlı narahatlıq güclənir. Transformasiya, həmçinin insanların potensialını və istəklərini reallaşdırmaq üçün geniş  imkanlara malik təxminən 133 milyon yeni iş yerinə tələbat yaradacaq.  Eyni zamanda, bütün vəzifələrin yerinə yetirilməsi üçün lazım olan əsas bacarıqların təxminən yarısı dəyişəcək,  müsbət nəticə əldə etmək üçün hazırda işçi qüvvəsi arasında yayılmayan və yaxın gələcəkdə mövcud  təhsil sistemlərində və iş yerlərində çətin ki, əlçatan olacaq bacarıqlara tələbat yaranacaq.

 

Özəl və dövlət sektorlarında qərar qəbul edən şəxslər gələcəkdə işə düzəlmək və məhsuldar olmaq üçün insanların zəruri bacarıqlara malik olmalarının təmin edilməsində həlledici rol oynamalıdırlar. Bu transformasiyanın miqyası və aktuallığı qaçılmazdır.

 

Dünya İqtisadi Forumun icraçı direktoru Saadiya Zahidi qeyd edib ki, Dördüncü sənaye inqilabının növbəti onillikdə 1 milyarddan çox iş yerini - dünyanın bütün iş yerlərinin təxminən üçdə birini  dəyişəcəyi gözlənilir.  Bu texnoloji transformasiyanın  2020-ci ildə 133 milyon yeni iş yeri yaradacağı ehtimal olunur.  Onun fikrincə, bu cür perspektiv təhsil və İT sahəsində insanların yeni səriştələr  qazanması baxımından çox ciddi irəliləyişdir.  

 

“Biz gələcək sosial mütəşəkkilliyi necə təmin edə bilərik? Biz insanların sosial mobilliyin yolunu tapa bilməsinə necə təminat verə bilərik”.  Bu suala cavab verərkən icraçı direktor qeyd edib ki, bunun ən vacib yolu insanların düzgün təhsil alması, düzgün səriştələrə yiyələnməsi və iş qazanmasıdır. 

 

S.Zahidinin qənaətinə görə, bu sahədə miqyaslı peşə hazırlığının aparılması bu yenidənhazırlanmanın həyata keçirilməsini tələb edir ki, dəyişmiş əmək bazarı şəraitində insanlar öz peşə əhəmiyyətini itirməsinlər.

 

“Yenidən ixtisaslaşma prosesinə qoşulun”

 

Dünya İqtisadi Forumu hesab edir ki, 1 milyard insanın  ən yaxşı iş yerləri, təhsil və bacarıqlarla təmin edilməsini hədəfləyən təşəbbüs gələcək nəsillər üçün iqtisadiyyata və cəmiyyətə fayda verəcək daha ədalətli, daha inklüziv dünya qurmaq üçün ölkələrin, şirkətlərin və işçi qüvvəsinin gələcəyinə töhfə olacaq.

 

Dünya İqtisadi Forumu rəhbər işçiləri və təşkilatları yenidənhazırlanma prosesinin həyata heçirilməsi platformasına öz töhfələrini verməyə dəvət edir: “Bu təşəbbüsün katibliyi qismində Dünya İqtisadi Forumunun  yaratdığı “Yeni iqtisadiyyat və cəmiyyət” platforması çıxış edəcək.  Əgər biz bu məsələni 2030-cu ilə qədər həll etmək istəyiriksə, indi qərar qəbul etmək üçün vaxt çatıbdır. Yenidənixtisaslaşmaya qoşulun”.

 

Beləliklə də, Dünya İqtisadi Forumun qeyd etdiyi kimi,  əsas diqqətin yenidənhazırlanmaya (reskillinqə)  yönəldilməsi və gələcək iş yerlərinin təmin edilməsi  qeyri-bərabərliyin azalmasının əsas amili olan sosial mobilliyin yüksəldilməsinə  kömək edəcək.  Yeni hesabata görə, qlobal sosial mobilliyin yaxşılaşdırılması növbəti onillik ərzində iqtisadi artımı təxminən 10% artıracaq. Bu isə dünya ölkələrinə ciddi mesajdır.

 

Təhsildə dəyişiklik birinci sinifdən başlayır

 

Təhsil sistemində dəyişikliklər  hələ uşaq məktəbə getdiyi ilk gündən başlayır.  Bu fikri  Davosda  “Təhsilin transformasiyası - cəmiyyətin transformasiyası”  mövzusunda keçirilən paneldə iştirak edən  Harvard Universitetinin psixologiya professoru Daniel Gilbert səsləndirib.  Onun sözlərinə  görə,  əsas vəzifə məktəb və məktəbəqədər proqramları təkmilləşdirməkdir ki, daha sonra mümkün qədər çox uşaq ali təhsil ala bilsin. “Mən daha çox uşağın yaxşı təhsil almamasından narahat olardım və bu təhsil onlara bizim tikdiyimiz ali məktəblərə daxil olmağa imkan verə bilər.  Və əgər təhsil üçün sərf oluna biləcək  böyük məbləğdə pulum olsaydı, onda mən birinci sinifdən və ya  məktəbəqədər təhsildən başlayardım”, - deyə Gilbert bildirib.

 

Proqnozlar təhsilin rolunun artırılmasını diktə edir

 

Forumun gedişində  PwC  beynəlxalq şirkətinin dünyanın ən iri kompaniyalarının rəhbərləri arasında keçirdiyi sayca 23-cü sorğusunun nəticələri də təqdim olunub.  83 ölkədən 1581 şirkət rəhbərinin iştirak etdiyi sorğuda Şimali Amerika,  Qərbi  Avropa və Yaxın Şərq ölkələrindən olan şirkət rəhbərlərinin 2020-ci ildə dünya iqtisadiyyatının inkişafına dair pessimist əhval-ruhiyyəsi (müvafiq olaraq 63%, 59% və 57%) əks olunub.  Elə buradaca təhsilin  artan rolu və mütəxəssislərin yenidən hazırlanmasının xüsusu önəmi qabardılır. 

 

İxtisasartırma problemi

 

Şirkət rəhbərlərinin qiymətləndirməsinə görə, lazımi bacarıqlara malik olan mütəxəssislərin çatışmazlığı hələ də inkişaf üçün başlıca təhdidlər arasında birinci yeri tutsa da, yenidənhazırlanma  bu çatışmazlığın aradan qaldırılmasının ən yaxşı üsulu ola bilər.  Baxmayaraq ki, onlar bu problemin həllində böyük uğurlara nail ola bilməyiblər.  Şirkət rəhbərlərinin yalnız 18% - i ixtisasartırma proqramlarının yaradılmasında əhəmiyyətli dərəcədə irəlilədiyini qeyd edib.  Oxşar əhvali-ruhiyyə şirkətlərin əməkdaşlarının cavablarında da əks olunub.  PwC tərəfindən aparılan ayrı bir araşdırmanın nəticələrinə görə, bütün dünyada şirkətlərin  22000 işçisindən 77 faizi  yeni bacarıqlara sahib olmaq və ya yenidən təhsil almaq istədiyini qeyd edib, onlardan yalnız 33%  tutduğu vəzifədən kənara çıxan rəqəmsal bacarıqları inkişaf etdirməyə imkan verildiyini  bildirib.

 

Beynəlxalq PwC  şirkətləri şəbəkəsinin prezidenti  Bob Moritz: “Kvalifikasiyanın artırılması  Davosda müzakirə olunan ən vacib məsələlərdən biridir və şirkətlərin rəhbərləri, təhsil, hökumət və vətəndaş cəmiyyətinin nümayəndələri bütün dünyada insanları  məzmunlu və dəyərli iş yerləri ilə təmin etmək üçün əmək məhsuldarlığının artırılmasına səy göstərməlidirlər. Burada şirkət rəhbərlərinin rolu xüsusilə əhəmiyyətlidir. Əmək bazarının gələcəyinin necə dəyişəcəyi ilə əlaqədar mövcud olan narahatlıqlara baxmayaraq, insanlar öyrənmək və inkişaf etməyə hazırdır və rəhbərlərinə müraciət edir, onlardan peşəkar inkişaf üçün etibarlı bir plan gözləyir”.

 

“Yalnız diplomları deyil, bacarıqları qiymətləndirməlisiniz”

 

Forumdakı  panel müzakirələrdə iştirak edən Fransanın əmək naziri Muriel Peano işçi qüvvəsinin hansı bacarıqları öyrənməli olduğunu söyləyib. “Birincisi, hesab edirəm ki, bunlar yumşaq bacarıqlardır, ehtimal ki, öyrənmək üçün ən çətin, lakin uzunmüddətli perspektivdə ən həlledici bacarıqlardır.  İkincisi, öyrənmək, öyrənmək və yenə öyrənmək. Bu, maraq deməkdir.  Gələcəkdə insanlar onlara lazım gələcək bir sıra bacarıqlara malik olacaq ki, onlar  hər bir şəxs üçün unikal sayılacaq. Çünki onlar süni intellekti öyrənməli, həm yemək hazırlamağı bacarmalı, eləcə də yumşaq bacarıqlara sahib olmalıdırlar. Bacarıqların bu cür  dəsti zamanla əhəmiyyətli olacaq”.

 

PwC şirkətinin qlobal direktoru Robert Moric  Forumda davamlı öyrənmənin zəruriliyindən də danışıb. “Davamlı öyrənmə üçün alətlər bizim  necə öyrənməyi öyrədən müəllimlərimiz, eləcə də necə öyrənməyi öyrənən şagirdlərimiz üçün bir nömrəli bacarıqlar dəstidir. Məhz bu, hazırda tədris proqramlarında görmək istədiyimiz əsas düşüncədir”. 

 

IBM korporasiyasının prezidenti Ginny Rometti hesab edir ki,  “Yalnız diplomları deyil, bacarıqları qiymətləndirməlisiniz. Yeni təhsil modelləri və insanları yenidən öyrətmək və işçi qüvvəsinə qayıtmaq üçün yeni yollar  tapılmalıdır. Siz yeni təhsil modelləri və yeni yollar tapmalısınız, bundan ötrü insanları yenidən öyrənməyə və iş yerinə qayıtmağa  məcbur etməlisiniz”. 

 

ABŞ prezidentinin köməkçisi və məsləhətçisi İvanka Tramp da çox maraqlı məqama toxunub və  qeyd edib ki,  “biz bacarıqlara əsaslanan təlim haqqında düşünməliyik”. Daha sonra o əlavə edib ki, Amerikada 400-ə yaxın kompaniya 15 milyon tələbənin və işçinin yenidən hazırlanması üzrə öhdəlik götürüb.

 

Davosda diqqət mərkəzində dayanan mühüm mövzulardan biri son illər forumda ənənəvi olaraq gündəmə gətirilən süni intellektlə bağlı olub.  McKinsey şirkətinin ekspertləri Davosda bu sahədə proqnozlarını elan ediblər. Qeyd olunur ki,  süni intellekt 2030-cu ilə qədər əlavə olaraq 13 trilyon dollar gəlir götürməyə imkan verəcək. 

 

Hər bir uşaq dəyərli olduğunu  hiss etməlidir

 

Bu fikri isə Davosda internetdə təhlükəsizlik məsələlərinə həsr olunmuş panel müzakirəsində psixoloq, yazıçı və professor Adam Qrant səsləndirib.  21-ci əsrin narahat düzənində zehnən güclü, məqsədyönlü və dözümlü olmaq üçün uşağı necə yetişdirirsiniz? Professor Qrant bu sualla bağlı, eləcə də uşaqların mənəvi tərbiyəsi və bizim uşaqlara yanaşmamıza dair  baxışlarını paylaşıb. 

 

Professor qeyd edir ki, uşaqlardan böyüdükdə kim olmaq istədiklərini soruşduqda onları məşğulluq baxımından özlərini müəyyənləşdirməyə məcbur edirlər. Problem ondadır ki, karyeraya  bu gün uyğunluq yox,  ixtisas dərəcəsinin daim artırılması kimi baxılır. Professorun valideynlərə nə vaxtsa söyləmiş olduğu ən pis məsləhəti  isə uşaqların yanlış bir iş gördükdə onların cəzalandırılmasıdır. “Mən düşünürəm ki, valideynlər uşaqlar üçün tez-tez darıxırlar. Biz hesab edirik ki, işimiz - onları öyrətmək,  müdafiə etmək, onların qayğısına qalmaqdır. Amma bu halda  biz  onların əvəzinə problemləri həll etməklə onlara heç vaxt şəxsi sabitliklərini  yaratmaq imkanını vermirik”, - deyə psixoloq əlavə edib.

 

Qrant əmindir ki, valideynlər bu məsələnin həllinə nail olmaq üçün uşaqlardan tez-tez  məsləhət vermələrini xahiş etməlidirlər. “Mən düşünürəm hər bir uşaq hiss etməlidir ki, o, məna kəsb edir. Bu barədə heç bir şübhə yoxdur. Amma ideya ondadır ki, hətta altı, yeddi, səkkiz yaşda olan uşaq hiss etməlidir ki, başqa insanlar onlara bel bağlayırlar,  onlar başqalarının həyatını dəyişdirə bilərlər. Bu, onları hiss etməyə məcbur etməyin əhəmiyyətli üsuludur,  onlar məna kəsb edirlər və öz güclərini möhkəmləndirirlər”, - deyə psixoloq vurğulayıb.

 

Estoniya - təhsil fenomeni

 

Ümumdünya İqtisadi Forumda ötən il PISA beynəlxalq qiymətləndirməsinin nəticələrinə əsasən, dünyada beşinci,  Avropada isə  birincilik qazanmış Estoniyanın təhsil sisteminin uğurundan da bəhs olunub. Öz çıxışında Estoniyanın baş naziri Yuri Ratas Estoniya təhsilinin üstünlüklərindən danışaraq   dünya liderləri ilə təhsil sisteminin yaradılması üzrə ölkəsinin təcrübəsini bölüşüb.  Bu təcrübə Estoniya məktəblilərinə təhsildə  yüksək müvəffəqiyyətlərə nail olmağa kömək edir.

 

“Estoniya təhsil sisteminin yaradılmasında yaxşı təcrübəyə malikdir, bu sistem hamıya sonrakı həyat üçün dərin bilikləri verir, həmçinin yeni texnologiyaların tətbiqi üçün əsasdır” - deyən baş nazir qeyd edib ki, əgər PISA-nın son nəticələrinə nəzər yetirsək, görmək olar ki, bizim təhsil sistemi yüksəklikdədir.  “Son onilliklər ərzində  biz rəqəmsal  cəmiyyəti çox müvəffəqiyyətlə qurduq, hansı ki, bizim inkişaf  və tərəqqimizə imkan yaradır. Ümid edirəm ki, yeni nəsil bizi bu yolda irəli aparacaq”. Onun sözlərinə görə, Estoniya üçün ən əhəmiyyətli resurs  təhsilli  insanlardır,  pulsuz, keyfiyyətli təhsil isə dövlət siyasətinin əsasıdır, ikincisi,   bizim məktəblərimiz və universitetlər nisbətən muxtariyyətə  malikdirlər, onlar tədrisi necə və hansı vasitələrlə apara bilmələrinə özləri qərar verə bilərlər.   “Hökumət maraqlıdır ki, bütün insanların zəruri bacarıqları əldə etmək imkanı olsun, hamı inkişafın əsasını  təşkil edən rifahın artmasına cəlb olunsun. Mən əminəm, məhz  təhsil  insanların həyatını yaxşılaşdırmağa imkan verən tramplindir”.

 

“Müəllimlər fərdlərarası bacarıqlara sahib deyillər”

 

Rusiya “Sberbank”nın rəhbəri  German Gref   ümumi təhsildə bu günümüzdə aktuallaşan   yumşaq bacarıqlar məsələsinə toxunub.  O, Rusiyada və dünyada müəllimlərin səriştəli və ahəngdar şəxsiyyətlərarası ünsiyyət, yumşaq bacarıqlara malik olmaması ilə əlaqədar böyük bir problem yaşandığını söyləyib. G. Gref  Forum çərçivəsində təşkil edilən “Rəqəmsal əsrdə fərdi transformasiya” mövzusunda keçirilən debatda bu fikri bölüşüb.

 

“Düşünürəm ki, həm ölkəmizdə, həm də qlobal miqyasda bu, çox böyük bir problemdir. Uşaqlarımızı hazırlayacaq müəllimləri necə hazırlamaq olar, çünki müəllimlər xüsusilə fərdlərarası  bacarıqlara, yumşaq bacarıqlara sahib deyillər”.

 

O, yumşaq bacarıqların (soft skills) inkişafı üçün yeni məktəb platformalarının inkişafına böyük sərmayə qoyduqlarını söyləyib.  G.Gref bu məsələnin Rusiyada və yəqin ki, dünyada ən böyük problem olduğunu qeyd edib.

 

“Müəllimlər bu cür bacarıqlara sahib olmadıqda uşaqlarımızı kim öyrədə bilər?”, - deyə Gref  bildirib. Çevik bacarıqlara uğurlu iş axını üçün lazım olan super peşəkar bacarıqlar daxildir. Yumşaq bacarıqlar, ilk növbədə şəxsi keyfiyyətlər və sosial bacarıqlarla əlaqələndirilir.

 

Oruc MUSTAFAYEV



07.02.2020 | 10:55