Musiqi Kollecində Əlibaba Məmmədovun 90 illik yubileyi qeyd edilib

Fevralın 5-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində Xalq artisti, “Şöhrət” ordenli Əlibaba Məmmədovun 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə təhsil ocağının müəllim-tələbə kollektivi, KİV nümayəndələri və digər şəxslər iştirak edib.

 

Yubiley tədbirini giriş sözü ilə açan kollecin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov dünya şöhrətli xanəndə Əlibaba Məmmədov haqqında danışıb. Qeyd edib ki, Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində (hazırkı Musiqi Kollecində) xanəndə Seyid Şuşinskidən alıb. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəsgahlarının səsyazıları AzTV-nin “Qızıl Fondu”nda saxlanılır. Direktor onu da qeyd edib ki, Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnmiş və muğam sənətində öz xüsusi dəst-xətti olan xanəndə kimi tanınmışdır. Ə.Məmmədov 100-dən çox mahnı və təsniflər yaradıb, muğamla müasir mahnılar arsında bir əlaqə qurub və bu mahnılar xalq tərəfindən sevilir.

 

Ə.Məmmədovun pedaqoji fəaliyyəti haqqında da danışan N.Kazımov qeyd edib ki, xanəndə məzunu olduğu kollecdə 1963-cü ildən muğamın sirlərini gənclərə öyrədir. Onun gənc xanəndələr nəslinin yetişməsində böyük əməyi var.

 

Tədbirdə Xalq artisti Əlibaba Məmmədovun bəstələdiyi mahnılar kollecin tələbələri tərəfindən səsləndirilib. IV kurs tələbəsi Rəqsanə Ağayeva “Gözlərin”, I kurs tələbəsi Səbinə Abbasova isə “Vətən yaxşıdır” mahnılarını ifa edib. Kollecin Xalq Çalğı Alətləri ansamlının müşaiyəti ilə II kurs tələbəsi Aydan İlxaszadənin ifasında isə görkəmli sənətkar Əlibaba Məmmədovun “Sədaqətim mənim”, “Yaşa məhəbbətim” və “Yaşa hələ” mahnıları iştirakçılarda xoş ovqat yaradıb.

 

Tədbirdə kollecin direktoru Nazim Kazımov Xalq artisti Əlibaba Məmmədovla görüntülü əlaqə yaradıb. İştirakçıların təbrikini Əlibaba Məmmədova çatdıran direktor ona cansağlığı arzulayıb.

 

Niyazi RƏHİMOV



07.02.2020 | 16:40