“Şöhrət” ordenli alim

İnsan ömrü axar çaya bənzəyir. Çay mənbəyindən mənsəbinə qədər qət etdiyi yolda ətraf aləmə can verən, suyu ilə sahillərində güllü-çiçəkli ormanlar, barlı-bəhrəli bağçalar-bağlar, kəhrəba zəmilər yaratdığı kimi, insanlar da beşikdən məzara  qədərki yolda öz əməlləri ilə iz qoyur. Həyatını öz fəaliyyəti ilə vətəninin çiçəklənməsinə, xalqının tərəqqisinə yorulmadan təmənnasız sərf edənlər şöhrət sahibi olurlar.

 

Belə insanlardan biri də Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, Əməkdar həkim və Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, “Şöhrət” ordenli Vaqif Şadlinskidir.

 

Vaqif Bilas oğlu Şadlinski 1940-cı ilin yanvar ayının 24-də qədim Azərbaycan torpağı olan indiki Ermənistanın Vedi rayonunda ziyalı ailəsində anadan olub. 1948-1950-ci illərdəki deportasiya zamanı V.B.Şadlinskinin ailəsi Azərbaycanın Şəmkir rayonunun Leninkənd qəsəbəsində məskunlaşıb. O, 1963-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olub. Hələ ali təhsil alarkən özünü istedadlı və bacarıqlı tələbə kimi göstərərək müəllim və tələbələrin hörmətini qazanıb. ATİ-nun 3 saylı tələbə yataqxanası üzrə tələbə şurasının sədri, fakültə tələbə həmkarlar şurasının sədri,  institut Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışıb.

 

V.Şadlinski 1968-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib və terapevtik stomatologiya kafedrasında baş laborant vəzifəsində saxlanılıb. 1970-ci ildə insan anatomiyası kafedrasında baş laborant vəzifəsinə keçirilib və fəaliyyətinin bütün sonrakı dövrləri bu kafedrayla bağlı olub. 1970-ci ildə insan anatomiyası kafedrasının assistenti vəzifəsinə seçilərək, baş laborantlıqdan kafedra müdiri, professor vəzifəsinə qədər yüksəlib.

 

1982-ci ildə Tbilisidə “Gözyuvasıaltı və aşağı alveol sinirlərinin topoqrafiyası və kötükdaxili quruluşu” mövzusu üzrə namizədlik, 1999-cu ildə isə “Normal və zobogen təsir şəraitlərində qalxanabənzər vəzin quruluş homeostazı və morfo-funksional xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

 

V.Şadlinski 1984-cü ildə insan anatomiyası kafedrasının dosenti, 1995-ci ildə isə həmin kafedranın müdiri vəzifəsinə seçilib və hazırda həmin vəzifədə çalışır. O, insan anatomiyası fənni üzrə mühazirə və praktik məşğələlər apararaq yüksək ixtisaslı   tibb   kadrların hazırlanmasına böyük əmək sərf edir.

 

Alim Azərbaycanda həm də insan anatomiyası fənni ilə digər morfoloji fənlər arasında inteqrasiya yaradan alimlərdən biri və kafedranın tarixi ənənələrini yeni inkişaf müstəvisində ləyaqətlə davam etdirən dəyərli pedaqoq kimi tanınır.

 

Kafedra müdiri vəzifəsində çalışdığı son on beş ildə tədrisin keyfıyyətinin yaxşılaşdırılması yolunda ATU-nun rəhbərliyi tərəfindən aparılan islahatlarda yaxından iştirak edərək uğurlu nəticələr əldə edib. Təhsil sahəsində   əldə   etdiyi   müvəffəqiyyətlərə görə dəfələrlə Səhiyyə  Nazirliyinin   fəxri   fərmanına  layiq   görülüb.

 

V.B.Şadlinskinin səyi nəticəsində ATU-nun insan anatomiyası kafedrasının beynəlxalq əlaqələri daim genişləndirilir.

 

Ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, onun təşəbbüsü ilə kafedranın dünyada tanınan tədris muzeyi yenidən qurulub, tarixi ənənələri saxlanılmaqla yeni şöbələr yaradılıb, mövcud şöbələr yeni eksponatlarla zənginləşdirilib.

 

O, çoxlu sayda elmi işin, o cümlədən  monoqrafıya, dərslik və dərs vəsaitləri, metodik tövsiyələr, səmərələşdirici təklif, onlarla elmi-kütləvi məqalənin müəllifidir.

 

Alimin “Normada strumogen təsirlər zamanı qalxanabənzər vəzin struktur təşkili və morfofunksional xüsusiyyətləri”, həmçinin “Həzm və tənəffüs sisteminin kiçik vəziləri” adlı monoqrafıyaları Moskvada çap edilib. V.Şadlinskinin səyi nəticəsində 1998-ci ildə Türkiyənin İzmir şəhərində Şərqdə ilk dəfə bircildlik orijinal “İnsan anatomiyası atlası”, 2009-cu ildə isə 7428 termindən ibarət olan monumental “Anatomik terminologiya” kitabı çap edilib.

 

V.Şadlinskinin rəhbərliyi altında  onlarla namizədlik və doktorluq dissertasiyası işi yerinə yetirilib.

 

O, 1988-1991-ci illərdə 1 müalicə-profilaktika fakültəsinin I-II kurslar üzrə dekan müavini vəzifəsində çalışıb. 1991-ci ildə ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994-cü ildə Azərbaycan Tibb Universitetinin ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. Bu vəzifələrdə özünü ən yaxşı cəhətlərdən göstərən V.Şadlinski 1996-2001-ci illərdə ATU-nun tədris işləri üzrə prorektoru vəzifəsini uğurla yerinə yetirib. Məhz bu illərdə o, tədris sahəsində  bir sıra islahatların təşəbbüsçüsü və bilavasitə icraçısı olub.

 

Bundan başqa, 1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tibb doktoru, 1997-ci ildə Respublika Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, 1998-ci ildə Nyu-York Akademiyasının üzvü, 1999-cu ildə Beynəlxalq Kadrlar Akademiyasının anatomiya professoru, 2001-ci ildə Beynəlxalq Morfoloqlar Assosiasiyasının Koordinasiya Şurasının üzvü, 2002-ci ildə Avropa Patoloqlar Cəmiyyətinin idarə heyətinin üzvü, 2004-cü ildə Rusiya Tibb Elmləri Akademiyasının və 2008-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki seçilib.

 

Vaqif müəllim tibb elminin, tibb təhsili sisteminin inkişafı və xeyriyyəçilik yolunda göstərdiyi xidmətlərinə görə “SSRİ Səhiyyə Əlaçısı” döş nişanına (1983), akademik Yusif Məmmədəliyev adına mükafata (1998), Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının qızıl medalına (2008) layiq görülüb.

 

2020-ci il yanvar ayının 23-də Prezident  İlham Əliyevin sərəncamı ilə Vaqif Bilas oğlu Şadlinski “Şöhrət” ordeni ilə təltif olunub.

 

Bu münasibətlə Vaqif müəllimlə görüşüb onu təbrik etdim və haqqında yazmaq istədiyimi bildirdim. Həmişəki kimi xarakterinə xilaf çıxmadı, təvazökarlıq edərək - nə deyim, haqqımda nəyi bilirsiniz onu da yazın, - dedi. Sonra dərin xəyala dalaraq gözlərini məchul bir nöqtəyə dikib fikrə getdi. Sanki uzun illərin arxasından boylanıb uşaqlıq, yeniyetməlik, gənclik illərini xatırlayır, xəyalən həmin illəri yenidən yaşayır, keçdiyi həyat yoluna nəzər salır, qazandıqlarını xəyal süzgəcindən keçirir, mizan-tərəzi qurub arxada qalan ömür yolunun haqq-hesabını çəkir...

 

Təbəssümlə üzümə baxıb - “Prezidentdən çox razıyam. Bu gün Azərbaycanda tarixi ənənələr qorunub-saxlanılır, elm, incəsənət, əmək adamlarına dövlət tərəfindən yüksək qiymət verilir. Uğurlu islahatlar aparılır, xalqın rifahı günü-gündən yaxşılaşır. Bütün bunlar hamısı Prezidentin diqqət və qayğısı nəticəsində baş verir. Mənə göstərdiyi yüksək etimada görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Borcumuz onun ətrafında sıx birləşmək,  Azərbaycanımızın daha da inkişafı üçün əlimizdən gələni əsirgəməməkdir”- dedi...

 

...Təkrar təbrik edib xoş arzularla ondan ayrıldım. Vaqif müəllimin şərəfli ömür yolunu düşünürdüm: şərəflə yaşanan ömür vətənə, xalqa xeyir verir, başqalarına örnək olur. Vaqif ömrü kimi...

 

Nizami MİRZƏ,

yazıçı-publisist



09.02.2020 | 11:06