Liseyin şagirdi hazırladığı robotu təqdim edib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Sabahın alimləri” IX Respublika müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış şagirdlərlə görüş olub.  Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ruslan Bayramov görüşdə hazırladığı yeni robotu təqdim edib.

 

Qeyd edək ki, R.Bayramovun layihəsi kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarların fermer təsərrüfatında istifadə edə biləcəkləri “Plant Disease & Cause Detection using Deep Learning”dir. Robot “Deep Learning”in köməyilə əkin sahələrində becərilən bitkilərin yoluxduqları xəstəlikləri və onların səbəblərini aşkar edə bilir. Həm mobil telefonun köməyilə idarə olunan, həm də özü-özünü idarə edə bilən bu robot 14 adda bitkini tanıyır, onların düçar olduqları 38 xəstəliyi və yoluxma səbəblərini araşdırmağı bacarır.

 

R.Bayramov bildirib ki, robotun hazırlanmasında 3D printerdən  istifadə edilib.

 

Qeyd edək ki, “Plant Disease & Cause Detection using Deep Learning”in elmi rəhbəri İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevdir.

 

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev vurğulayıb ki, R.Bayramov Dubayda keçirilən “First Global Challenge 2019”da ölkəmizi təmsil edən milli komandamızın kapitanı olub. “İnfoMatrix-2018” beynəlxalq kompüter layihələri üzrə yarışlarda bürünc medala layiq görülüb. Kiyevdə keçirilən “GoldenByte 2018” və robototexnikaya, proqramlaşdırmaya həsr olunan digər beynəlxalq yarışlarda nailiyyətlər qazanıb.

 

Qeyd edək ki, ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək “Sabahın alimləri” IX Respublika müsabiqəsi  fevralın 11-dən 13-dək olacaq.  



10.02.2020 | 18:30