MDU-nun tələbələri İspaniyada təhsil alacaq

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Vallodolid Unversitetində təhsil almaq hüququ qazanmış tələbələrlə görüşüb.

 

Hazırda beynəlxalq tələbə və müəllim mübadiləsinin xüsusi önəm daşıdığını deyən Ş.Bayramov MDU-da xarici universitetlərlə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirildiyini bildirib.

 

Ş.Bayramov 2019/2020-ci tədris ilinin yaz semestrində İspaniyada akademik mübadilədə iştirak edəcək Zaur Məmmədov, Aidə Qurbanova və Ülvi Aşurovu təbrik edib. O, tələbələrə “Erasmus+” proqramı çərçivəsində təqdim olunan imkanlardan maksimum faydalanmaqlarını tövsiyə edib. Rektor xaricdə təhsil müddətində yüksək akademik nailiyyətlər əldə etməklə yanaşı, ölkəmizi layiqincə təmsil etməyin vacibliyini bildirib.

 

Avropada təhsil almaq üçün yaradılan şəraitə görə təşəkkürlərini bildirən tələbələr Vallodolid Unversitetində yüksək akademik göstəricilər əldə etməklə MDU-nu layiqincə təmsil edəcəklərinə söz veriblər.

 

Qeyd edək ki, MDU-nun digər iki tələbəsi 2019/2020-ci tədris ilinin payız semestrində İspaniyanın sözügedən universitetində akademik mübadilədə iştirak ediblər.



11.02.2020 | 19:30