Azərbaycan Texniki Universitetinin nümayəndə heyəti Türkiyədə

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

 

Səfər Türkiyənin qabaqcıl universitetləri ilə elmi-texniki, innovasiya, texnoloji yeniliklərin tətbiqi sahəsində əməkdaşlıq, tələbə-müəllim və təcrübə mübadiləsi, ikili diploma dair  məsələlərin müzakirəsi xarakteri daşıyır.

 

Vilayət Vəliyev bildirib ki, görüşlər, əsasən, Türkiyənin qabaqcıl araşdırma və elmi-tədqiqat universitetlərində keçirilir. Qardaş ölkənin bu ali təhsil müəssisələrinin elmi təcrübələri və onların əmək bazarında əlaqələri öyrənilır. Bundan əlavə, Türkiyənin ən böyük ali təhsil müəssisələrindən olan İstanbul Texniki Universitetinin texnoparklarının innovasiya mərkəzlərinin təcrübələri ilə yaxından tanışlıq nəzərdə tutulur.

 

Rektor yaxın vaxtlarda genişmiqyaslı əməkdaşlıq müqavilələrinin imzalanmasının planlaşdırıldığını da bildirib.

 

On gün davam edəcək səfər əsnasında Türkiyədə təhsil standartlarının öyrənilməsi, yeni növ kitabxanaların qurulması, sosial, innovasiya və inzibati normalarla tanışlıq məqsədilə ölkənin Ali Təhsil Şurasında da görüşlər keçiriləcək. Bu standartların gələcəkdə AzTU-da tətbiqi məsələləri müzakirə olunacaq.

 

Nümayəndə heyətini ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova müşayiət edir.

 



11.02.2020 | 17:37