Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüş

Təhsil nazirinin müavini Firudin Qurbanov Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüşüb.

 

Görüş zamanı nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar və onların müsbət tendensiyaları barədə qonaqlara məlumat verib. Firudin Qurbanov son 15 ildə ölkəmizdə 3300-ə yaxın ümumi təhsil müəssisəsinin tikildiyini və ya əsaslı şəkildə təmir edildiyini, müəssisələrin maddi-texniki bazasının yeniləndiyini vurğulayıb.

 

Görüş zamanı ölkəmizdə təhsil siyasətinin prioritetlərindən birinin də peşə təhsilinin olduğu bildirilib. Qeyd olunub ki, məhz peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, gənclər arasında məşğulluğun təmin edilməsinə xidmət göstərən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını həyata keçirən aparıcı təhsil pilləsidir. Bu sistemin yenidən qurulması, çevik idarəetmənin təmin edilməsi məqsədilə son illərdə peşə təhsili şəbəkəsi oplimallaşdırılıb, 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb, mühəndis- pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi aparılıb və onların əməkhaqqı artırılıb. Eyni zamanda Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanmış Kredit Sazişinə əsasən Bakı şəhərində Peşə Təhsili Mərkəzinin tikintisi başa çatdırılıb, burada ən müasir infrastruktur yaradılıb.

 

Bununla yanaşı, Avropa İttifaqının dəstəyi ilə 4 layihənin icrasına başlanılıb. Regionlarda peşə təhsili müəssisələrində infrastrukturun müasirləşdirilməsi, yeni məzmunun hazırlanması və mühəndis-pedaqoji heyət üçün təlimlərin təşkili ilə bağlı tədbirlər həyata keçirilməkdədir.

 

Firudin Qurbanov həmçinin Azərbaycanla Ukrayna arasında tələbə mübadiləsi istiqamətində geniş əməkdaşlığın mövcudluğunu vurğulayıb, Ukraynada 7000-ə yaxın azərbaycanlı tələbənin, ölkəmizdə isə Ukrayna vətəndaşlarının təhsil aldığını qeyd edib. Ümumilikdə ali təhsilin qarşısında duran mühüm vəzifələrdən danışan nazir müavini cəmiyyətin müasir inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı, peşəkar, rəqabətqabiliyyətli kadrların hazırlanması kontekstində “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulayıb.

 

Ukrayna Ali Radasının nümayəndə heyəti adından çıxış edən Ukrayna Ali  Radasının Təhsil, Elm və İnnovasiyalar üzrə Komitəsinin sədri Valeriy Kolyux iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluğunu ifadə edib və bu əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.



11.02.2020 | 16:26