Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı

Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB)  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ümumi yığıncağı keçirilib.

 

Ümumi yığıncağın sədri, AMEA-nın vitse-prezidenti,  akademik İradə Hüseynova AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında Akademiyada aparılan genişmiqyaslı islahatlar, o cümlədən struktur dəyişiklikləri ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb və bu islahatların Azərbaycan elminin gələcəyi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. İ.Hüseynova  həmçinin “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”ndan da bəhs edib.

 

Tədbirdə gündəliyə uyğun olaraq BTEB Elmi şurası üzvlərinin seçkiləri keçirilib, 14 nəfər tanınmış alim BTEB Elmi şurasının üzvü seçilib. Seçkinin nəticələrinin Rəyasət Heyətinin müzakirəsinə verilməsi qərara alınıb.

 

İ.Hüseynova bölmədə nəşriyyat işinin vəziyyəti barədə də danışıb. Nəşriyyat fəaliyyətinin əsas göstəriciləri olan kitab, toplu, jurnal, mühüm elmi nəticələri özündə əks etdirən tədqiqat əsərlərindən söz açan akademik elmi jurnalların fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması zərurətini vurğulayıb.

 

Gündəlikdə yer alan növbəti məsələlər AMEA-nın Zoologiya və Dendrologiya institutlarının Elmi şuralarının tərkibində qismən dəyişiklik edilməsi barədə olub, müvafiq qərarlar qəbul edilib.

 

Yığıncaqda  bir sıra kadr məsələləri də müzakirə olunub.



13.02.2020 | 18:34