Akademik İbrahim Quliyev Avropa Komissiyasının nümayəndəsi ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA ) birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Avropa Komissiyasının nümayəndəsi, Sosial İnnovasiyalar Mərkəzinin layihə meneceri Martin Feliks Qajdusek ilə görüşüb.

 

İbrahim Quliyev AMEA-da müxtəlif elm sahələri üzrə aparılan tədqiqatlar, elm və təhsilin inteqrasiyası, elmin kommersiyalaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

 

Birinci vitse-prezident Akademiyanın CERN, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna) və digər nüfuzlu elm mərkəzləri ilə sıx əməkdaşlığından  söz açaraq ölkə alimlərinin müxtəlif beynəlxalq proqram və layihələrdə fəal iştirak etdiyini bildirib. Qeyd edib ki, AMEA-nın elmi müəssisələri ilə respublikanın müxtəlif nazirlikləri, bəzi ali məktəbləri arasında bağlanan saziş və müqavilələrə əsasən, müştərək laboratoriyalar fəaliyyət göstərir, birgə layihələr həyata keçirilir.

 

Martin Feliks Qajdusek Avropa Komissiyasının Azərbaycan Təhsil Nazirliyi ilə həyata keçirdiyi birgə layihələr haqqında danışıb. Akademik qurumlar və ali təhsil müəssisələri tərəfindən elmi infrastrukturun müştərək istifadəsindən bəhs edən ekspert Azərbaycanda vahid məlumat bazasının yaradılmasının zəruri olduğunu qeyd edib.

 

Sonra AMEA ilə ölkənin ali təhsil müəssisələrinin müştərək məlumat bazasının yaradılması üçün standartların müəyyənləşdirilməsi, elmi-tədqiqatların səmərəli təşkili məqsədilə avadanlıq və cihazların alınması, saxlanılması üzrə yanaşmaların müvafiq müəssisələr arasında müzakirəsi, bu sahənin optimallaşdırılması, təkmilləşdirilməsi üçün müxtəlif qurumlar tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 



13.02.2020 | 19:00