Xocalı soyqırımı ilə bağlı kitab sərgisi

AMEA-nın Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə sərgi açılıb.

 

Sərgidə Xocalı faciəsinin dəhşətlərini əks etdirən Azərbaycan, ingilis və rus dillərində kitablar nümayiş etdirilir.

 

Bura “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Xocalı şahidləri danışır”, “Qarabağ həqiqətləri”, “Böyük Ermənistan” xülyası: faktlar və sübutlar”, “Erməni terroru”, “Dağlıq Qarabağın tarixindən sənədlər” və digər bu qəbildən olan kitablar daxildir.

 

Sərgidə, həmçinin  Prezident İlham Əliyevin Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması və ermənilərin törətdikləri soyqırımın beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə  “Xocalıya ədalət!”  beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edən müxtəlif illərdə çap olunmuş qəzet, jurnal və toplu məqalələri də təqdim olunur.

 

Qeyd edək ki, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Əsrin faciəsi: Xocalı” mövzusunda interaktiv açıq dərsin, o cümlədən “Erməni vandalizminin acı üzü: Xocalı soyqırımı” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulub.

 



17.02.2020 | 13:44