Lənkəran Dövlət Humanitar Kollecində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir

10 may 2018-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində YAP Lənkəran şəhər təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Lənkəran şəhər təşkilatının sədr müavini Əlimərdan Əliyev, məsləhətçilər Nahid Allahverdiyev və Teymur Babayev iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə kollecin foyesində ümummilli liderinin 95-ci ildöümünə həsr edilmiş “Təsviri incəsənt müəllimliyi” ixtisası tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Dövlət himni səsləndirildikdən sonra tədbiri kollecin direktoru, dosent Ruslan Həmidov açaraq müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin həyat yolundan və müstəqilliyimiz uğrundakı titanik fəaliyyətindən danışıb. Direktor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar kollec üzrə tədbirlər planı hazırlanaraq təsdiq edilib. Plana əsasən tələbələr arasında voleybol, şahmat, tennis yarışları və inşa müsabiqəsi keçirilib. Müsabiqədə I, II, III yeri tutmuş tələbələrə fəxri fərmanlar təqdim olunub. Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və fənn birləşmə komissiyalarının bülletenlərində ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi nömrələr buraxılıb, ayın 10-da ilk dərslər ulu öndərin həyat və fəaliyyətinə həsr olunub.

 

Xarici dillər fənn birləşmə komissiyasının müəllimi, tədris hissəsinin metodisti Gülayə Talışxanova, YAP Lənkəran şəhər təşkilatının sədr müavini Əlimərdan Əliyev, Musiqi və təsviri incəsənət şöbəsinin müəllimi Ruhəngiz Məhərrəmova, “Texnologiya müəllimliyi” ixtisasının IV kurs tələbəsi Gülnar Ağayeva çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat veriblər.

 

Sonra Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan tələbələrə üzvlük vəsiqələri təqdim edilib.

 

Sonda ulu öndər Heydər Əliyevin  həyat yoluna həsr edilmiş sənədli film nümayiş olunub.

 



12.05.2018 | 11:37