Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin başlanğıc konfransı

Naxçıvan Müəllimlər İnstitutunda tədris planına uyğun olaraq,  ibtidai sinif müəllimliyi, riyaziyyat və informatika müəllimliyi,  məktəbəqədər təlim və tərbiyə ixtisaslarının pedaqoji təcrübəsinin başlanğıc konfransı keçirilib. Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və pedaqoji təcrübəyə başlayacaq tələbələr iştirak edib.

 

İnstitutun rektoru Azad Novruzov qeyd edib ki,  ixtisaslar üzrə tədris planına uyğun olaraq ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə ixtisaslarında təhsil alan tələbələr IV tədris ilinin VIII semestri, Riyaziyyat və informatika müəllimliyi ixtisasında təhsil alan tələbələr V tədris ilinin X semestrində 14 həftəlik pedaqoji təcrübə keçməlidirlər. Bu ixtisaslar üzrə 218 tələbə Naxçıvan şəhər məktəblərinə və məktəbəqədər təhsil müəssisələrinə pedaqoji təcrübəyə göndərilirlər.

 

Qeyd olunub ki, tələbələrin müəllimlik fəaliyyətinə hazırlanmasında pedaqoji təcrübə mühüm əhəmiyyət kəsb edir. Tələbələrdə ixtisaslar üzrə qazanılan nəzəri bilikləri tətbiq etmək bacarığının və müəllimə xas olan keyfiyyətlərin formalaşdırılması pedaqoji təcrübə vasitəsilə həyata keçirilir. Bu prosesdə tələbələr gələcək peşə fəaliyyətləri üçün zəruri olan bacarıq və vərdişlər əldə edirlər. Pedaqoji təcrübənin nəticəsi bir sıra amillərlə yanaşı, ilk növbədə pedaqoji təcrübənin necə təşkil olunmasından, maraqlı tərəflərin və tələbələrin məsuliyyətindən asılıdır.

        

Sonra Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov müəllim kadrlarının hazırlanmasında maraqlı tərəfdaş olduqlarını və bu əməkdaşlığın yüksək səviyyədə təmin olunması üçün muxtar respublikada görülən işlərdən danışıb. Nazir pedaqoji ixtisaslara hamilik çərçivəsində aparılan məqsədyönlü işlərin əhəmiyyətinə toxunaraq məktəb kollektivlərinin pedaqoji təcrübənin yüksək səviyyədə  təşkilinə dair vəzifələrindən  bəhs edib.         

 

Sonda Naxçıvan  Təhsil Nazirliyinin instituta hədiyyəsi olan  dərslik və metodik vəsaitlər təqdim edilib.



19.02.2020 | 10:05