“Kitabxanalar və gənclik” –də kitab təbliğatı

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanası M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası ilə birgə “Kitabxanalar və gənclik” mövzusunda konfrans keçirib.

 

Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova ölkəmizin gələcəyi olan gənclərin hərtərəfli inkişafında həyata keçirilən tədbirlərdən və kitabxanaların qarşısında duran vəzifələrdən danışıb. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini qeyd edərək, ölkənin yaradıcı-istedadlı gənclərini qiymətləndirmək məqsədilə müxtəlif illərdə imzalanan fərman və sərəncamları xatırladıb. Bildirib ki, ölkəmizdə gənc nəslin dünyagörüşünün düzgün formalaşması, onların asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.

 

Dövlət gənclər siyasətinin Naxçıvanda da uğurla həyata keçirildiyini deyən T.Əsgərova vurğulayıb ki, bu gün gənclərin kitabxanalara cəlb olunmasına, mütaliə mədəniyyətinin formalaşmasına, kitaba marağının artmasına xidmət edən hər cür şəraitə malik zəngin kitabxanalar, elektron kitabxanalar yaradılıb. Qeyd olunub ki, Naxçıvan Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı gənclərin mütaliə mədəniyyətinin inkişafında, kitabların daha geniş təbliğində mühüm rol oynayır. Naxçıvan Bölməsinin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva “Gənc nəslin formalaşmasında kitabxanaların rolu” mövzusunda çıxış edərək, gənclərdə mütaliyə marağının artırılması, kitabların sevdirilməsi baxımından kitabxanaların üzərinə düşən vəzifələrdən söz açıb.

 

Bildirib ki, rəhbərlik etdiyi qurumda çalışan kitabxana işçiləri fəaliyyətlərini bu günün tələblərinə uyğun, yəni gənclərdə mütaliəyə marağı artırmaq yönündə qurmağa çalışır. S.Əliyeva qeyd edib ki, bu məqsədlə kitabxanada tez-tez milli-mənəvi, əxlaqi dəyərlərimizi təbliğ edən, bəşəri dəyərlər aşılayan kitabların müzakirəsi keçirilir, gənclər arasında kitabların təbliğatı aparılır, ideya-məzmun dəyərləri ilə tanış edilir, onlara belə kitablardan yararlanmaq məsləhət görülür. Yeni kitablarla tanışlıq  üçün müntəzəm olaraq kitab sərgiləri, oxucu konfransları təşkil edilir. Vurğulanıb ki, yaradılan şəraitin və kitabxana fondlarının zəngin olmasının nəticəsidir ki, oxucuların sayı da əvvəlki illərlə müqayisədə xeyli  artıb.

 



19.02.2020 | 12:35