BMU tələbələrinin pedaqoji və istehsalat təcrübəsi başlayıb

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün 2019/2020-ci  tədris ili üzrə pedaqoji və istehsalat təcrübələrinin həyata keçirilməsinə başlanılıb. İqtisadiyyat və idarəetmə, mühəndislik və pedaqoji fakültəsinin tərcümə və psixologiya ixtisasları üzrə istehsalat təcrübəsinə göndərilən bakalavr tələbələrin ümumi sayı 516 nəfər, pedaqoji təcrübəyə göndərilənlərin sayı isə 303 nəfər təşkil edir. Ümumilikdə 819 tələbə təcrübə proqramına cəlb olunub.

 

Tələbələr istehsalat təcrübəsini bir sıra dövlət və qeyri-dövlət qurumlarında keçəcəklər. 

 

Maliyyə ixtisasının bir tələbəsi isə Almaniyanın Koblenz Universitetinə təcrübəyə göndəriləcək.

 

Tələbələr Azərbaycan Britaniya kolleci, Landau məktəbi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, o cümlədən bir sıra lisey və orta məktəblərdə isə pedaqoji təcrübədə olacaqlar.

 

14 həftədən ibarət pedaqoji və istehsalat təcrübəsi 25 may  tarixinə kimi davam edəcək. Tələbələrə universitetin təcrübəli müəllimlərindən rəhbərlər təyin olunub.

 

Bununla yanaşı,  BMU-nun beynəlxalq münasibətlər və diplomatiya, kimya mühəndisliyi, maşın mühəndisliyi, beynəlxalq iqtisadi münasibətlər, kompüter mühəndisliyi, idarəetmədə informasiya sistemləri ixtisasları üzrə II kursda təhsil alan 38 magistrant üçün yaz semestrində 17 fevral-13 mart tarixlərini əhatə edən  elmi-tədqiqat, 16 mart-10 aprel 2020-ci il tarixlərində isə elmi-pedaqoji təcrübələrin təşkil olunması nəzərdə tutulub. Magistr tələləbər təcrübələrini universitetin müvafiq kafedralarında və elmi-tədqiqat qurumlarında keçəcəklər.

 



19.02.2020 | 19:29