ADNSU-da beynəlxalq elmi-texniki konfransa hazırlıq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dövlət qurumları və şirkət nümayəndələrinin iştirakı ilə işçi görüş keçirilib.

 

İşçi formatda universitetin 100 illik yubileyinə həsr olunan “Kimya mühəndisliyinin aktual problemlərimövzusunda Beynəlxalq elmi-texniki konfransa hazırlıq məsələləri müzakirə olunub.

 

Tədbirdə ADNSU-nun üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının müdiri, professor Fariz Əmirov bildirib ki, konfransın əsas məqsədi yerli və xarici elm, təhsil, sənaye nümayəndələrinin ünsiyyət qurması, təcrübə mübadiləsinin aparılması, yeni əlaqələrin müəyyən edilməsi və köhnə əlaqələrin möhkəmləndirilməsi, həmçinin kimya mühəndisliyinin inkişafının müasir mərhələsində ən perspektivli elmi istiqamətlərin işıqlandırılmasıdır.

 

Konfransın elmi proqramında üç dildə (Azərbaycan, rus və ingilis) plenar, şifahi və stend məruzələrinin dinlənilməsi planlaşdırılır.  F. Əmirov konfransda yerli təşkilat və dövlət qurumlarının nümayəndələri, dünyanın 50-ə yaxın ölkəsindən çoxsaylı alimlərin də iştirak edəcəyini çatdırıb. Onun sözlərinə görə,  işçi görüşün keçirilməsində də əsas məqsəd konfransa hazırlığı  yüksək səviyyədə keçirmək, onun elm tutumlu, əhəmiyyətli təşkilini təmin etməkdir.

 

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, KTF-nin dekanı, professor Sevinc Məmmədxanova və digər iştirakçılar da çıxış edərək konfransın əhəmiyyətindən danışıb, belə bir tədbirin ADNSU-nun 100 illiyi ərəfəsində keçirilməsinin önəmli olduğunu vurğulayıblar.

 



20.02.2020 | 17:50