“Hədəfimiz Azərbaycan elmini rəqabətqabiliyyətli etməkdir”

Müasir reallıqlar şəraitində hər bir ölkənin iqtisadi inkişaf templəri,  rəqabətqabiliyyətliliyini  ölçən ən mühüm parametrlərdən biri də elm və təhsilin inkişafından, elmi məhsulların kommersiyalaşdırılması intensivliyindən, dünya təhsil sistemində milli universitetlərin tutduğu yerdən birbaşa asılıdır.

 

Milli universitetlərin dünya reytinqlərində  mövqeyini  şərtləndirən mühüm amillərdən biri universitet alimlərinin elmi-tədqiqat məhsulları və onların dünyanın nüfuzlu indeksli jurnallarda yer tutması ilə bağlıdır.

 

Universitetlərin dünyada nüfuzu həm də alimlərimizin elmi məhsullarının dünya miqyasında tanınması və onlara edilən istinadların sayı ilə də ölçülür. 

 

Təhsil Nazirliyinin 2014-cü ildə Thomson Reuters (indiki Clarivate Analytics)  elmi bazası ilə səmərəli əməkdaşlığının nəticəsi olaraq ötən illər ərzində ali məktəblərimizin elmi publikasiya aktivliyi yüksələn xətlə inkişaf etmiş, Azərbaycan regionda lider mövqeyə çıxmışdır.  Fevralın 3-də isə Təhsil Nazirliyinin dünyanın ən böyük  elmi-analitik bazası olan Niderlandın Elsevier korporasiyası ilə  Niyyət Protokolu imzalaması bir daha alim və tədqiqatçılarımızın  əldə olunan uğurlarının  davamlı inkişafının təmin ediləcəyinə böyük ümidlər verir.  Elsevier-in Mərkəzi Asiya və Azərbaycan üzrə regional direktoru Aliyə Ospanova da “Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibəsində bu sahədə əminliklə danışır.  

 

“Azərbaycan alimlərinin rəqabət qabiliyyətini artırmağı planlaşdırırıq”

 

- Təhsil Nazirliyi ilə Niderlandın aparıcı elmi-analitik şirkəti Elsevier arasında Niyyət Protokolu imzalanıb. Deyə bilərsinizmi,  sənəd hansı məqsədləri nəzərdə tutur?

- Əlbəttə. Niyyət Protokolu dünyanın ən böyük elmi şirkəti ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında mühüm strateji əlaqələrin yaradılmasının əsasını qoyur.  Bu sənəd  Azərbaycanın ali təhsil müəssisələrinin ScienceDirect və Scopus-a çıxışını təmin etməklə ölkə universitetlərinin elmi potensialının inkişafına sərmayə qoymağı, habelə ali məktəblərin beynəlxalq QS ( World University Rankings), THE ( Times Higher Education)  reytinqlərinə daxil olmasına dəstək verir.

 

- “Elsevier Corporation” ilə əməkdaşlıq çərçivəsində ölkəmizin elm aləmindəki yerini daha da möhkəmləndirmək planlaşdırılır. Elsevier ilə tərəfdaşlıq bu sahədə hansı töhfələr verə bilər?

- Elsevier bu gün ayrı-ayrı ölkələrdə və universitetlərdə elmin inkişaf səviyyəsinin müəyyənləşdirilməsində əsas rol oynayır. Bu təşəbbüsün bir hissəsi olaraq, korporasiyamız üçün Azərbaycanın əhəmiyyətini nəzərə alaraq, beynəlxalq elmi jurnallarda nəşrlərin və sitatların sayını artırmaqla Azərbaycan alimlərinin rəqabət qabiliyyətini yüksəltməyi planlaşdırırıq. Başqa sözlə, hədəfimiz Azərbaycan elmini  rəqabətqabiliyyətli etməkdir.

 

- Sənəddə qeyd edildiyi kimi, əsas məqsədlərdən biri yerli ali təhsil müəssisələrinin dünyanın nüfuzlu  (“QS Dünya Universiteti sıralaması”, “The Financial Times”, “Shanghai Ranking” və s.) beynəlxalq reytinq siyahılarına daxil edilməsidir. Siz bizim ali məktəblərin reytinqlərdə mövqeyinin yaxşılaşması perspektivlərini necə qiymətləndirirsiniz? Elsevier bu işdə onlara kömək edə bilər?

- Bütün bu sadalanan universitet reytinqlərinin hər birinin  öz metodologiyası var, buna görə elmi potensial Scopus verilənlər bazasındakı nəşrlərin və ya sitatların sayı ilə ölçülür. Əlbəttə ki, Scopus-a giriş olmadan nəticələrin əldə edilməsini müntəzəm ölçmək və hətta reytinqə daxil olmaq barədə danışmaq çox çətin idi. Bu vacib razılaşmanın bir hissəsi olaraq, Elsevier nəinki elmi bazalardan istifadə vasitələrinə lazımi təminat verməklə yanaşı, həm də hər bir universitetdə diqqət mərkəzində olmaqla, genişmiqyaslı təlim keçirmək üçün öhdəlik götürüb. Elsevier  ölkənin aparıcı ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət  Neft və Sənaye Universitetinin bazasında  tədris mərkəzi yaradıb. Biz istəyirik ki, ölkənin hər bir universiteti, o cümlədən regionlardakı ali məktəblər bu sahədə maarifləndirici kursların keçirilməsi üzrə işlərini davam etdirsinlər.

 

“Azərbaycanın elmi jurnallarının redaktorları üçün ustad dərsləri keçirməyi planlaşdırırıq”

 

- Məlumdur ki,  Scopus-da indeksləşmək istəyən jurnallar müəyyən meyarlara cavab verməlidir. Beynəlxalq elmi nəşrlərin sayının artırılmasına, elmi məqalə və jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılmasına necə nail olmaq olar?

 

- Scopus dünyanın ən nüfuzlu elmi-analitik reytinq platformasıdır ki, bu da müəlliflərin, alimlərin, jurnalların, təşkilatların reytinqini, ölkələrin reytinqini tərtib etməyə imkan verir.  Scopus-a necə daxil olmaq barədə danışsaq, yerinə yetirilməli olan əsas vəzifə elmi məqalə yazmaqdır. Reytinqdə inkişaf etmək üçün vacibdir ki,  bu elmi məqalə kifayət qədər sitat qazansın, digər müəlliflər ona istinad, ondan bəhs etsinlər.

 

Milli bir elmi jurnalın Scopus-a girməsi hər bir ölkənin qürurudur. Layihəmizin bir hissəsi olaraq Scopus-un beynəlxalq  tələblərinə uyğunluğunun öyrənilməsi  məqsədi ilə Azərbaycanın elmi jurnallarının redaktorları üçün bir sıra ustad dərsləri  keçirməyi planlaşdırırıq.

 

- Elsevier-in  Azərbaycanda universitet elminin inkişafına, ali məktəb alimlərinin nəşrlərdə fəallığının stimullaşdırılmasına dair müəyyən təklifləri varmı?

- Düşünürəm ki, ilk növbədə universitetlər başa düşməlidirlər ki,  hər hansı bir universitetin inkişaf etmiş tədqiqat potensialı olan bir müəssisəyə çevrilməsi zamanın tələbidir. Biz artıq əsas diqqətini yalnız tədrisə yönəltmiş bir universitet ola bilmərik. Bu, ilk növbədə, elmin inkişafına diqqət göstərən ali məktəb strategiyasının transformasiyasıdır.  Prioritetlərin düzgün seçilməsi və  əsas effektivlik göstəricilərinə  (KPI - key performance indicators)  nail olunduğu təqdirdə ali məktəbin göstəricilərinin yaxşılaşması  qaçılmazdır.

 

“Son 5 ildə Skopus-da Azərbaycan alimlərinin 6568 məqaləsi dərc edilib”

 

-  Scopus-a daxil olmaq üçün  jurnallarımıza nələr lazımdır? Azərbaycan alimlərinin Scopus-dakı fəallığı barədə  nə deyə bilərsiniz...

- İlk növbədə, Scopus-a daxil olmaq üçün jurnalın  beynəlxalq standartlara cavab verməli olduğunu başa düşmək lazımdır.  Bu, həm məcburi texniki uyğunluq,  həm ekspert rəyi və təbii ki, qəbul edilmiş nəşrlərin keyfiyyətidir.  Düşünürəm ki,  bu gün jurnalların statusunu müəyyənləşdirməklə Azərbaycan jurnallarının auditini aparmaq lazımdır. 

 

- Bir az da konkretləşdirsək, universitet alimlərimizin Skopus-dakı aktivliyi necədir?

-  Əlbəttə. Bəzi faktlara baxın: son 5 il ərzində Skopus-da Azərbaycan alimlərinin 6568 məqaləsi dərc edilib.   Science direct-də nəşr olunan  1 məqalə  Azərbaycan alimlərinə 10-a qədər sitat gətirir.  Bu göstəriciyə əsasən ölkənin ən nüfuzlu ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti  QS-in dünyanın ən yaxşı 1000 universiteti sırasında yer alıb. 

 

“Scopus-da dərc olunmaq üçün pul ödəməyə ehtiyac yoxdur”

 

-  Bəzən  Elsevier bazasına daxil olan jurnallarda, eləcə də digər nüfuzlu nəşrlərdə publikasiya məsələsindən danışanda çoxları bunun  ödənişli olduğunu iddia edir...

 

- Doğrudur,  təəssüf ki, bir çox alimlər səhvən belə hesab edirlər. Əslində isə, Scopus-un indeksli jurnallarında dərc olunmaq üçün kiməsə pul ödəməyə ehtiyac yoxdur. Üstəlik, Skopus jurnalı heç vaxt müəyyən bir məbləğ qarşılığında məqalənin çap olunacağına zəmanət vermir.

 

Ancaq, yenə də  təəssüflər olsun  ki, bir çox alimlər hələ də elmi məqalələrinin dərc olunması üçün bəzi şirkətlərdən istifadə etmək lazım olduğuna və yalnız  bu yolla Skopusa daxil ola bilməyin mümkünlüyünə inanırlar. Sizin etməli olduğunuz əsas iş  bütün beynəlxalq standartlara uyğun olan bir məqalə yazmaq və onu onlayn  olaraq jurnalın veb səhifəsinə şəxsən təqdim etməyinizdir. 

 

- Skopus-da alimlərin ən çox hansı sahələrdə elmi məqalələrinin dərc olunması barədə danışa bilərik?

- Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2014-2019-cu illər üzrə alim və tədqiqatçıların publikasiya fəallığına dair hesabatından mühüm nəticələri qeyd edə bilərik.  Bəhs etdiyimiz dövrdə OECD üzrə alimlərin  təbiət elmləri üzrə publikasiya aktivliyi 55,1 faiz, mühəndislik və texnologiyalar üzrə 25,7 faiz,  tibb elmləri üzrə 10,7 faiz, sosial elmlər üzrə 5,1 faiz,  digər elm sahələri üzrə isə 3,4 faiz təşkil edib. Beləliklə də alimlərin təbiət elmləri sahəsində publikasiya aktivliyinin daha yüksək olmasını qeyd edə bilərik. 

 

“Universitetlərin elmi potensialını artırmaq üçün bir sıra təkliflər hazırlayırıq”

 

- Elmi nəşrlərin fəallığı baxımından universitet və akademik elmin inteqrasiyasının gücləndirilməsi barədə nə deyə bilərsiniz?

- Məlumdur ki, bütün dünyada alimlərin fəaliyyətinin nəticələri və elmi göstəriciləri onların yüksək reytinqli jurnallarda dərc olunan məqalələri və digər tədqiqatçıların onlara olan istinadlarının sayı ilə  ölçülür.  Buna görə də ali təhsil müəssisələrində elmin inkişaf etdirilməsi zəruridir, hazırda  universitetlərin elmi potensialını artırmaq üçün bir sıra təkliflər hazırlayırıq.

 

- Elsevier-in Azərbaycanda universitet elminin inkişafı ilə bağlı müəyyən strateji təklifləri varmı?

-  Əsas elmi məlumat bazalarına abunənin təşkil edilməsi ən vacib addımlardan biridir.  Təhsil Nazirliyi tərəfindən yalnız Scopus-a (elmi və analitik reytinq platforması) deyil, həm də Science Direct-ə (dünyada ən yüksək impakt  faktoru olan elmi jurnallar) girişin təmin olunması çox əhəmiyyətlidir.  Science Direct  196 Nobel mükafatçısından 195-nin dərc olunduğu  dünyanın ən çox istinad edilən nəşridir. Science Direct platformasında azərbaycanlı alimlərin nəşrlərinin sayını artırmaq lazımdır.

 

- Elsevier-in Azərbaycanla qarşılıqlı əlaqəsini necə qiymətləndirirsiniz? Azərbaycanın Elsevier ilə gələcək əməkdaşlıq perspektivləri necədir ?

- Hesab edirəm ki,  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Elsevier  korporasiyası arasında əldə olunmuş razılaşma ölkənin III və IV nəsil  universitetlərinin transformasiyası üzrə bütün akademik ictimaiyyət üçün ciddi bir təkan olacaq.

 

Oruc MUSTAFAYEV



21.02.2020 | 10:16