“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Cəlilabad rayon Alar kənd 2 nömrəli tam orta məktəbin müəllimi Elçin Abbasova həsr olunub. 2006-cı ildən həmin məktəbdə pedaqoji fəaliyyət göstərən Elçin müəllim riyaziyyat və fizika fənnlərini tədris edir. O, 2015-ci ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 54 bal toplayıb. Elçin müəllim tədris apardığı siniflərdə yeni “STEM” təlim metodundan istifadə edərək uğurlu nəticələr əldə edir. Gənc müəllim şagirdləri ilə birgə Təhsil Nazirliyinin rəsmi “STEM Azərbaycanda” layihəsi çərçivəsində bir neçə tədbirdə də iştirak edib. Bundan əlavə, yaşadığı rayonda ilk Skaut dəstəsi - “Turan” Skaut dəstəsini yaradıb. Elçin müəllim Milli Məclisin təşəbbüsü ilə keçirilən “İlin gənc müəllimi-2019” müsabiqəsinin qalibi olub.

 

Elçin Abbasov düşünür ki, müəllim olmaq həm şərəfli, həm də məsuliyyətlidir. Valideyn tək övladının gələcəyi barədə düşünürsə, müəllim bütün şagirdləri üçün bu baxımdan narahat olur. Müəllim olmaq onlarla uşağı sevmək deməkdir. Elçin Abbasovun sözlərinə görə, şagirdlərin sevgisini qazanmaq üçün müəllim əvvəlcə şagirdə sevgi ilə yanaşmalıdır. Yalnız səmimiyyət, sevgi olan yerdə uğurlu nəticələr əldə etmək mümkündür.

 

Qeyd edək ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.



21.02.2020 | 14:38