|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
"Günərzi Qayğı Mərkəzi" uşaq müəssisələrinə alternativ xidmət növüdür Suraxanı
rayonunda yerləşən 2 nömrəli uşaq evinin
nəzdində "Günərzi Qayğı
Mərkəzi" yaradılmışdır.
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi (de-institutlaşdırma)
və alternativ qayğı Dövlət Proqramı
(2006-2015-ci illər)" çərçivəsində dövlət
uşaq müəssisələrinə alternativ model kimi
nəzərdə tutulmuş mərkəzin yaradılmasında
məqsəd uşaqların müəssisələrə düşməsinin
qarşısını almaq, onların cəmiyyətə
inteqrasiya və sosial adaptasiyasını təmin
etməkdir. Dekabrın 29-da "Günərzi Qayğı
Mərkəzi"nin rəsmi açılışı oldu.
Bu münasibətlə düzənlənən mərasimdə
təhsil naziri Misir Mərdanov, Suraxanı Rayon İcra
Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak
edirdilər. Nazir və icra başçısı rəmzi açılışı
bildirən qırmızı lenti kəsib mərkəzin
fəaliyyətinə xeyir-dua verdilər, uşaq evinin
kollektivini və balaca sakinlərini 31 Dekabr Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il münasibəti ilə təbrik etdilər. Sonra Misir
Mərdanov və İ.Abbasov mərkəzi
gəzərək burada uşaqların yaşaması,
təlim-tərbiyəsi, istedad və
qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə
vaxtlarının maraq və meyillərinə uyğun
səmərəli təşkili üçün yaradılmış
şəraitlə tanış oldular, işçilər
və uşaqlarla söhbət etdilər. Uşaq evinin müdiri
Sevda Hacıyeva qonaqlara məlumat verərək bildirdi ki,
"Günərzi Qayğı Mərkəzi" risk qrupuna
daxil olan, valideynləri işləyən, aztəminatlı
ailələrin məktəbyaşlı uşaqlarını
gün ərzində qayğı ilə təmin etmək
üçün nəzərdə tutulub. "Günərzi Qayğı
Mərkəzi" Dövlət Proqramı çərçivəsində
3 il müddətə həyata keçiriləcək pilot
layihəyə əsasən təşkil edilmişdir.
Mərkəzin fəaliyyətə başlaması ilə
uşaq evinə ölkənin digər bölgələrindən
olan uşaqların qəbulu dayandırılacaq, yalnız
Suraxanı rayonu ərazisində yaşayan və risk
qrupuna daxil olan, aztəminatlı, çətin yaşayış
şəraitinə malik ailələrin uşaqları
cəlb ediləcəkdir. Mərkəz ümumilikdə 80 uşağa
xidmət edəcək. Onun fəaliyyəti genişləndikcə,
tədricən uşaq evi bütövlükdə "Günərzi
Qayğı Mərkəzi"nə çevriləcək.
Mərkəzdə psixoloq və loqoped xidməti
nəzərdə tutulmuşdur. Psixoloq
uşaq və onun ailəsilə kompleks şəkildə
iş aparacaq. Verilən məlumatdan aydın oldu ki,
mərkəz, eyni zamanda uşaqların müasir
tələblərə uyğun yeni bilik və bacarıqlara
yiyələnmələrini, ev tapşırıqlarını
hazırlamalarını, fiziki inkişafını
təmin edəcək, onların tənqidi və yaradıcı
təfəkkürünü inkişaf etdirəcək, valideyn
və uşaqlara psixoloji xidmət göstərəcək.
"Günərzi Qayğı Mərkəzi" gün
ərzində 10-12 saat fəaliyyət göstərəcək
və uşağın mərkəzdə olma müddəti
onun ehtiyaclarından asılı olacaqdır. Burada hər
bir uşaq üçün ayrıca fərdi qayğı planı
hazırlanacaq və ona müvafiq uşaqla iş aparılacaqdır. "Günərzi Qayğı
Mərkəzi"ndə uşaqların maraq və bacarıqlarına
əsasən müxtəlif dərnəklər - güləş,
bacarıqlı əllər, rəqs, rəsm, kompüter
dərnəkləri yaradılmışdır. Tədbir iştirakçıları
həmin dərnəklərdə uşaqlarla aparılan işlə
tanış oldular. Məlumat verildi ki, mərkəzin işçiləri
uşağı dərsdən sonra təhsil aldığı
məktəbdən buraya gətirəcəklər. Uşaqların
axşam evlərinə nəqliyyat vasitəsilə aparılması
mərkəz tərəfindən təmin
ediləcəkdir. Bu məqsədlə mərkəzə
Təhsil Nazirliyi tərəfindən mini sərnişin
avtobusu verilmişdir. Mərkəzdə uşaqların gün
ərzində 2 dəfə qidalanması və ehtiyac
yaranarsa, ilk tibbi yardım xidmətinin göstərilməsi,
habelə işçilərin bacarıqlarının artırılması
məqsədilə mütəmadi treninq və seminarların
keçirilməsi nəzərdə tutulub. Nazir, icra başçısı və digər
qonaqlar uşaq evinin məşğələ və yataq
otaqlarına, idman zalına, yeməkxanasına, tibbi
xidmət üçün nəzərdə tutulmuş otaqlarına,
mətbəxinə də baxış keçirdilər. Hər yerdə hiss olunan yüksək
səliqə-sahman, müxtəlif dərnəklərin
fəaliyyət göstərdiyi otaqların müasir avadanlıq
və zəruri vəsaitlərlə təchizatı,
dəhlizlərdə yerləşdirilmiş "Bizim bir günümüz",
"Bizim uğurlarımız", "Əbədi
liderimiz", "Bir görüşün işığında",
"Şəhidlər unudulmur" adlı stendlər,
təsviri incəsənət zalında nümayiş olunan uşaqların
əl işləri və rəsmləri mərasim iştirakçılarında
xoş təəssürat yaratdı. Təhsil naziri Azərbaycan üçün yeni olan
alternativ qayğı modelinin yaradılmasını yüksək
qiymətləndirdi, buradakı şəraitdən razı
qaldığını bildirdi. Nazir vurğuladı ki, ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən
təsdiq olunmuş de-institutlaşdırma və alternativ
qayğı Dövlət Proqramı çərçivəsində açılışı
keçirilən "Günərzi Qayğı
Mərkəzi" bu sahədə ilk təşəbbüsdür.
Yaxın illərdə 2 nömrəli uşaq evi bütövlükdə
"Günərzi Qayğı Mərkəzi"nə çevriləcəkdir.
Misir Mərdanov gələcəkdə şərait yarandıqca
digər uşaq evləri və internat
məktəblərində də belə qayğı
mərkəzlərinin təşkil olunacağını
və adıgedən müəssisələrin "Günərzi
Qayğı Mərkəzləri" ilə
əvəzlənəcəyini də diqqətə çatdırdı. Mərasimin sonunda uşaqlar qonaqları özlərinin
hazırladıqları maraqlı bədii proqramla salamladılar
və onların bayramlarını təbrik etdilər. Yusif ƏLİYEV
|