Xüsusi istedadlı şagirdlərin bilik yarışı
İstedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial
imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi
şəraitin yaradılması məqsədilə ölkə başçısı cənab İlham Əliyev "Xüsusi
istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı
üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nı təsdiq edən sərəncam
imzalamışdır.
Proqramın
həyata keçirilməsi sahəsində tədbirlər planına uyğun olaraq mayın 26 və
27-də Bakıda yerləşən "Ankara məktəbi" məktəb-liseyində respublika üzrə
riyaziyyat, fizika, kimya və biologiya fənlərindən sınaq imtahanının
yekun mərhələsi keçirildi. Bilik yarışında Təhsil Nazirliyinin
tabeliyindəki lisey və gimnaziyalarda təhsil alan məktəblilər daxil
olmaqla 8, 9 və 10-cu sinif şagirdləri iştirak etdilər. 800-ə yaxın
şagird öz bilik və bacarığını 3 saat ərzində üzə çıxarmağa çalışdı.
Sınaq
imtahanında iştirak edən təhsil nazirinin müavini İsgəndər İsgəndərov
təhsil naziri Misir Mərdanovun adından iştirakçıları salamladı, Təhsil
Nazirliyinin bu istiqamətdə gördüyü işlərdən bəhs etdi. İstedadlı
gənclərə göstərilən dövlət qayğısından danışan nazir müavini bildirdi ki,
belə uşaqları müəyyənləşdirmək üçün ikinci ildir sınaq imtahanları
keçirilir. Qabiliyyətli uşaqlar üçün həmin fənlərdən ibarət olimpiada
xarakterli məsələlər adlı kitablar hazırlanaraq şagirdlərə paylanıb.
Xüsusi fərqlənən şagirdlər diplom və fəxri fərmanlarla təltif olunublar.
Onlar yayda düşərgələrdə istirahət edəcəklər. Bu şagirdlərin sırasında
xüsusi istedada malik olanların sayı çoxdur. çalışacağıq ki, ölkə
başçısının təsdiq etdiyi Dövlət Proqramını yerlərdə yüksək səviyyədə
həyata keçirək. Şagirdlərə uğurlar arzulayan nazir müavini bilik
yarışında ən güclülərinin qalib gələcəyinə əminliyini bildirdi. Sonra
şagirdlərə lazımi izahatlar verildi.
Prosesin gedişini nəzarətçilər ciddi izlədilər.
Fazil İDRİSOĞLU
|