|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
"Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" dastanlarının müştərək tədqiqinə dair simpozium
Sentyabrın 30-da Bakı Slavyan Universitetində "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" dastanlarının müştərək tədqiqinə həsr edilmiş simpoziumun açılış mərasimi oldu. Mərasimdə BSU-nun professor-müəllim heyəti, müxtəlif ölkələrin səfirliklərinin, ayrı-ayrı nazirliklərin nümayəndələri və KİV əməkdaşları iştirak edirdilər. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullayev tədbiri açaraq qonaqları təqdim edib bildirdi ki, "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" - ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb"proyekti çərçivəsində sentyabrın 30-dan oktyabrın 4-dək Bakı Slavyan Universitetində keçirilən ilk simpoziumda Almaniyadan 30-a yaxın nüfuzlu elm xadimi və alim- filoloqlar iştirak edirlər. "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" - ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı layihə Bakı Slavyan Universitetinin xarici ölkə universitetləri və mədəniyyət mərkəzləri ilə çoxşaxəli əməkdaşlığının yeni səhifəsini açır.Bu layihə BSU və Almaniyanın Mayns Universiteti arasında bağlanmış müqaviləyə əsasən 2007-ci ildə təsis edilib və layihənin beş il müddətində həyata keçirilməsi nəzərdə tutulub.Bu layihə Almaniyanın tanınmış elm mərkəzləri olan Mayns Universitetinin Şərqşünaslıq İnstitutu və Germanşünaslıq bölümü, həmçinin Volkenştayn Cəmiyyəti ilə birgə həyata keçirilir. BSU gələcəkdə "Kitabi- Dədə Qorqud" dastanının digər məşhur dünya xalqları eposları ilə müqayisəli tədqiqi istiqamətində də müvafiq addımlar ataraq Rusiya və Fransanın əlaqədar universitetləri ilə danışıqlar aparır. Sonra Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Per Stankina çıxış edərək BSU-nun ali təhsil ocaqları arasında ən nüfuzlu ali məktəblərdən biri olduğunu Almaniyadan gələn qonaqların nəzərinə çatdırdı və beş il müddətə həyata keçirilməsi nəzərdə tutulan bu layihənin Azərbaycan ilə Almaniya arasında dostluq əlaqələrinin daha da genişlənməsində mühüm rol oynadığını qeyd etdi. Tədbirdə iştirak edən təhsil nazirinin müavini Elmar Qasımov Almaniyadan gələn qonaqları salamladı və təhsil sahəsində Almaniya ilə Azərbaycan arasında olan sıx əməkdaşlıq əlaqələrindən söhbət açdı, həyata keçirilməsi nəzərdə tutulan bu layihənin iştirakçılarına uğurlar arzuladı. Sonra professor Sieglinde Hartmanninin "Nibelunqlar haqqında nəğmə" və dünya mədəniyyətlərarası rəqabətdə germanistikasının gələcəyi" və professor Hendrik Boeschotenin "Kitabi-Dədə Qorqud"un dili" mövzularında çıxışları dinlənildi. Tədbir ayrı-ayrı bölmələr üzrə öz işini davam etdirir.
Şakir CƏFƏROV
|