|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Milli Aviasiya Akademiyasında akademik Arif Paşayevin 75 illik yubileyi münasibətilə tədbir keçirilib Milli
Aviasiya Akademiyasında bu təhsil müəssisəsinin
rektoru, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr
olunmuş tədbir keçirilmişdir. Akademik Arif Paşayevin qızı -
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva və digər ailə üzvləri,
görkəmli alimin yubileyi ilə bağlı Bakıda
"Elmi-texniki tərəqqi və müasir aviasiya" mövzusunda
keçirilən beynəlxalq konfransda iştirak edən xarici
qonaqlar, həmçinin hökumət üzvləri, Milli Məclisin
deputatları, ictimaiyyətin nümayəndələri Milli
Aviasiya Akademiyasının inzibati binasının
foyesində yubilyarın həyat və elmi
fəaliyyətinə həsr olunmuş "İşıqdan
törəyənlər" adlı sərgi, Azərbaycan mülki
aviasiya muzeyinin eksponatları və akademiyanın kitabxanası
ilə maraqla tanış olmuşlar. Tədbiri giriş sözü ilə açan
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar
Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlətimizin
başçısı İlham Əliyevin 2009-cu il 12 fevral
tarixli sərəncamı ilə akademik Arif Paşayevin
Azərbaycanda elmin və təhsilin inkişafında böyük
xidmətlərinə görə "Şərəf"
ordeni ilə təltif edildiyini diqqətə çatdırmış,
yubilyarı bu münasibətlə mərasim iştirakçıları
adından təbrik etmişdir. Akademik Arif Paşayevin
gərgin əməyi sayəsində Milli Aviasiya Akademiyasının
maddi-texniki bazasının təkmilləşdirildiyini,
təhsil ocağında yeni tədris korpuslarının
tikildiyini, müasir tələblərə cavab verən
laboratoriyaların qurulduğunu, akademiyada yeni ixtisasların
açıldığını, hazırda burada beş fakültə
və iyirmi kafedranın fəaliyyət göstərdiyini xüsusi
vurğulayan C.Əsgərov, bu ilin sonunadək bu ali
təhsil ocağında müasir "Boing" tipli
təyyarələrin trenajorlarının quraşdırılacağını
da qeyd etmişdir. Milli aviasiya kadrlarının hazırlanmasında
akademiyanın və onun rektoru akademik Arif Paşayevin
xidmətlərini diqqətə çatdıran C.Əsgərov
demişdir ki, hazırda bir sıra xarici ölkələrin mülki
aviasiya təşkilatlarından kursantların Azərbaycan
Milli Aviasiya Akademiyasında təhsil almaları ilə bağlı
müraciətlər daxil olur. ümummilli lider Heydər Əliyevin və ulu
öndərin siyasətini layiqincə davam etdirən Prezident
İlham Əliyevin ölkənin mülki aviasiyasının inkişafına
diqqət və qayğısından danışan C.Əsgərov,
son illər xeyli sayda "Boing" tipli
təyyarələrin alındığını, yaxın
iki ildə isə bu tipli təyyarələrin ən müasirlərinin
- "Boing-737" və "Boing-767"-nin alınacağını,
hazırda ölkədə beş beynəlxalq hava limanının
fəaliyyət göstərdiyini də bildirmişdir. çıxışının sonunda C.Əsgərov
akademik Arif Paşayevi həmsədri olduğu Dövlətlərarası
Aviasiya Komitəsinin adından təbrik etmiş, bu qurumun
birinci dərəcəli fəxri diplomunu yubilyara təqdim
etmişdir. Tədbirdə akademik Akif Hacıyev yubilyarın
həyat və elmi fəaliyyəti barədə geniş
məruzə etmişdir. Bildirilmişdir ki, akademik Arif Paşayev
400-dən artıq elmi məqalənin, 30 kitab və
monoqrafiyanın, çoxsaylı ixtira və patentin müəllifidir.
O, yüksək və ifrat yüksək tezlikli diapazonlarda
materialların zədəsiz tədqiqatlarının fiziki
əsaslarını yaratmış, ilk dəfə yarımkeçirici
materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi
üsullarının elmi əsaslarını işləmişdir.
A.Hacıyev akademik Arif Paşayevin Milli Aviasiya Akademiyasının
yaradılması və burada müasir ixtisaslar üzrə kadrların
hazırlanması işində xidmətlərini
diqqətə çatdırmış, ona gələcək
fəaliyyətində uğurlar arzulamışdır. Ukrayna Milli Aviasiya Universitetinin professoru
Nikolay Kulik akademik Arif Paşayevin 75 illik yubileyi ilə bağlı
keçirilən beynəlxaq konfransda və bu mərasimdə iştirak
etməsindən məmnunluğunu bildirmiş, alimin dünya
aviasiyasının inkişafına töhfələrini vurğulamış,
ona elmi fəaliyyətində uğurlar arzulamışdır.
N.Kulik akademik Arif Paşayevə Ukrayna Milli Aviasiya
Universitetinin fəxri doktoru diplomunu təqdim etmişdir.
Akademik Arif Paşayev həmçinin Ukrayna ağsaqqalları
adından "Şərəf və ləyaqət" qızıl
ulduzu ilə təltif edilmişdir. Milli Aviasiya Akademiyasının beynəlxalq
əlaqələr üzrə prorektoru Ramiz Sadıqov Vyana
Beynəlxalq Universiteti adından fəxri professor diplomunu
akademik Arif Paşayevə təqdim etmiş, ona Avstriyanın
bu təhsil ocağı rəhbərliyinin salamlarını
çatdırmışdır. Rusiya Elmlər Akademiyası (REA) və
Kəşf və İxtira Müəllifləri Beynəlxalq
Assosiasiyasının (KİMBA) adından danışdığını
diqqətə çatdıran M.Lomonosov adına Moskva Dövlət
Universitetinin professoru Vladimir Zlomanov akademik Arif Paşayevin
digər müəlliflərlə birgə üzərində işlədiyi
mövzunun KİMBA tərəfindən ixtira kimi qəbul
edildiyini, həmçinin onun REA-nın fəxri üzvü seçildiyini
bildirmiş və akademiyanın diplomunu, eləcə
də Kapitsa adına qızıl medalı A.Paşayevə
təqdim etmişdir. Gürcüstan Aviasiya Universitetinin rektoru, professor
Serqo Tepnadze Azərbaycan və Gürcüstan dövlətləri
arasında mehriban qonşuluq münasibətlərini vurğulamış,
akademik Arif Paşayevin aviasiya elminin və təhsilinin görkəmli
nümayəndəsi olduğunu bildirmiş və yubilyara
rəhbərlik etdiyi tədris müəssisəsinin fəxri
doktoru diplomunu təqdim etmişdir. Təhsil naziri Misir Mərdanov yubilyarın
ölkə təhsilinin inkişafında
xidmətlərindən danışmış, akademik Arif
Paşayevin mülki aviasiya sahəsində gənc kadrların
yetişdirilməsi istiqamətində fədakar
əməyinə görə "Azərbaycanın qabaqcıl
təhsil işçisi" diplomu və medalı ilə
təltif edildiyini diqqətə çatdırmışdır.
Tədbirdə Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti Mahmud Kərimov, rabitə
və informasiya texnologiyaları naziri, akademik Əli
Abbasov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu
Bağırov, xarici işlər nazirinin müavini,
Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev,
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel
Məhərrəmov, "Azərbaycan Hava Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti İlham
Əmirov çıxış edərək akademik Arif Paşayev
barədə ürək sözlərini demiş, ona uzun ömür,
elmi fəaliyyətində yeni nailiyyətlər arzulamış,
təbriknamələr təqdim etmişlər. Sonda akademik Arif Paşayev çıxış
edərək Prezident İlham Əliyevə onun elmi
fəaliyyətinə verdiyi yüksək dövlət mükafatına
görə dərin təşəkkürünü bildirmiş,
tədbirdə iştirak edənlərə minnətdarlıq
etmişdir. Tədbir zamanı akademik Arif Paşayevin ömür
yoluna və əmək fəaliyyətinə həsr olunmuş
slaydlar göstərilmişdir. Akademik Arif Paşayev ailə üzvləri
və qonaqlarla xatirə şəkilləri çəkdirmişdir.
AzərTAc
|