|
Martın 2-də Bakıdakı Osman Mirzəyev adına 190
nömrəli orta məktəbdə Valideyn-Müəllim
Assosiasiyasının təsis konfransı keçirildi.
Tədbirdə məktəbin direktoru Afət Bakıxanova qeyd
etdi ki, bu təşkilatın yaradılmasında əsas
məqsəd valideyn və müəllimlərin sıx əməkdaşlığı
vasitəsilə şagirdlərimizin təlim-tərbiyəsinin
faydalılığını artırmaq, evlə məktəb arasında
səmərəli ünsiyyət yaratmaqdır. Direktor çıxışını
məktəbin qazandığı uğurları, ondan əvvəl bu
məktəbə rəhbərlik etmiş, dünyasını dəyişmiş Sona
Tağıyevaya ulu öndər Heydər Əliyevin "Şöhrət"
ordenini təqdim etməsi, təhsil naziri Misir
Mərdanovun bu təhsil ocağında olması və bu
məktəbin tanınmış məzunları ilə keçirilən
tədbirlərdən bəhs edən videogörüntülərə baxmaqla
tamamladı.
Tədbirdə Azərbaycan Milli Valideyn-Müəllim
Assosiasiyasının icraçı direktoru Təranə
Şərifova çıxış edərək bildirdi ki, artıq 1000-ə
yaxın məktəbdə assosiasiyanın təşkilatı
yaradılmışdır. Əlbəttə, bütün bunlar Təhsil
Nazirliyinin razılığı və dəstəyi ilə həyata
keçib. Bu da danılmaz faktdır ki, dövlətimiz
təhsil üçün hər cür şərait yaradıb. Məktəblər
lazımi texniki vasitələrlə təmin olunur,
təlim-tərbiyənin keyfiyyəti yüksəlir. Bütün bu
işlərdə valideyn kənarda qalmamalıdır. Məktəblə
valideynin əməkdaşlığı işə yalnız yaxşı
nəticələr verir. 190 nömrəli məktəbdə xeyli
müddətdir ki, iş aparırıq. VMA-nın bu məktəbdə
təşkilatının təsis olunması üçün hər cür şərait
vardır.
Bu çıxışdan sonra səsvermə yolu ilə VMA-nın
prezidenti məktəbin valideyn komitəsinin sədri
Ələkbər Məmmədov seçildi. İdarə heyəti və
VMA-nın əsasnaməsi təsdiq edildi.
Sonra Milli Məclisin deputatı Fuad Muradov,
MVMA-nın eksperti Şahin Rəcəbov, Azərbaycan
Daxili İşlər Nazirliyinin Azyaşlılarla İş
İdarəsinin əməkdaşı, milis mayoru Aida Şükürlü,
məktəbin təlim-tərbiyə işləri üzrə direktor
müavini Qənirə Əmircanova, məktəbin yuxarı sinif
şagirdləri çıxış edərək VMA-ya uğurlar dilədilər.
Ədalət DAŞDƏMİRLİ |
|