ABŞ
dövlətinin qeyri-dini, qeyri-siyasi təşkilatı
olan Sülh Korpusu 1961-ci ildə prezident Con
F.Kennedi tərəfindən yaradılmışdır. Sülh Korpusu
bütün fəaliyyət göstərdiyi ölkələrə yalnız yerli
hökumətin dəvəti ilə gedir. Onun əsas məqsədi
amerikalı Könüllülərin vasitəsilə dünyada sülh
və dostluğun bərqərar olmasına dəstək vermək,
fəaliyyət göstərdiyi ölkənin ehtiyaclarından
asılı olaraq təlim keçmiş ixtisaslı kadrlar
vasitəsilə texniki bilik və bacarıqların
ötürülməsindən ibarətdir.
Sülh
Korpusu Azərbaycanda 2003-cü ildən fəaliyyət
göstərir. Hazırda Könüllülər Azərbaycanda
"İngilis dilinin tədrisi", "İcmanın iqtisadi
inkişafı" və "Gənclərin inkişafı" proqramları
üzrə fəaliyyət göstərir.
Sülh
Korpusunun doqquzuncu qrupunun 2011-ci ilin
sentyabr ayında Azərbaycana gəlməsi gözlənilir.
Bununla əlaqədar Sülh Korpusu Azərbaycan
Respublikası Təhsil Nazirliyi ilə birgə ingilis
dili tədris olunan dövlət məktəbləri üçün
müsabiqə elan edir. Könüllülər müsabiqə
nəticəsində seçilmiş məktəblərdə 2011-ci ilin
dekabr ayından başlayaraq ingilis dili müəllimi
kimi iki tədris ili ərzində təmənnasız fəaliyyət
göstərəcək. Könüllülər azərbaycanlı ingilis dili
müəllimləri ilə birlikdə dərs deyəcək,
şagirdlərin ingilis dilində danışıq
bacarıqlarını təkmilləşdirəcək, ingilis dili
tədrisinin yeni metodlarını təqdim edəcək və
məktəbdə ingilis dili mühitinin yaradılması
istiqamətində fəaliyyət göstərəcəklər.
Sülh
Korpusunun Könüllüsü üçün müraciət etmək istəyən
ən azı 2 ingilis dili müəllimi olan şəhər və
kənd orta məktəbləri ərizə forması üçün müvafiq
rayon təhsil şöbəsinə müraciət edə bilərlər.
Ərizə forması məktəb direktoru və ingilis dili
müəllimləri tərəfindən doldurulmalı, məktəbin
direktorunun imzası ilə təsdiq olunduqdan sonra
təhsil şöbəsinin müdirinə təhvil verilməlidir.
Rayon təhsil şöbəsinin müdiri həmin ərizə
formasını təsdiq etməlidir. Hər məktəbdən
yalnız bir ərizə gözlənilir.
Ərizələri
yanvar ayının 26-dan başlayaraq müvafiq rayon
təhsil şöbəsindən əldə etmək olar. Ərizələr
doldurulub fevral ayının 2-dən gec olmayaraq
rayon təhsil şöbəsinə təqdim olunmalıdır.
Sülh
Korpusu Könüllüləri artıq bir çox rayonlarda
çalışır. Müvafiq rayonların siyahısını
hazırlayarkən, Sülh Korpusu rayonda bu günə
qədər işləmiş, hazırda işləyən Könüllülərin
sayını, rayonda olan məktəblərin sayını və digər
məsələləri nəzərə alır. Ərizələrin tam və düzgün
doldurulması seçimdə böyük əhəmiyyətə malikdir.
Bu il
keçirilən müsabiqədə aşağıdakı rayonlar üzrə
ingilis dili tədris olunan məktəblər iştirak
edə bilər:
Ağcabədi,
Ağsu, Ağstafa, Balakən, Cəlilabad, Goranboy,
Gədəbəy , Qusar, Qax, Qazax, Kürdəmir, Lerik,
Neftçala, Salyan, Siyəzən, Şəmkir, Şamaxı,
Tovuz, Ucar, Yevlax, Zaqatala.
Əlavə
məlumat üçün rayon təhsil şöbəsinə müraciət
etmək və ya Sülh Korpusu İngilis dilinin
tədrisi üzrə proqram menecerləri ilə əlaqə
saxlamaq olar.
Əlaqə
telefonları:
(012) 596-17-20
Fax:
(012) 596-17-24
Mobil:
(050) 203-32-65, (050) 250-54-12 |