Azərbaycanın
Los-Ancelesdə Baş konsulluğundan AzərTAc-a
verilən məlumata görə, Baş konsul Elin
Suleymanov Kaliforniya ştatındakı Klaremont
Universitetinin müəllimləri və aspirantları
qarşısında çıxış etmişdir.
Azərbaycan
diplomatı "Avrasiya regionunun inkişaf
dinamikası" mövzusunda çıxışında müstəqil
Azərbaycan Respublikasının SSRİ dağılandan
sonrakı iyirmi il ərzində keçdiyi yol və
regional inteqrasiya prosesləri barədə
danışmışdır. Bütün regionun rifahının artmasına
şərait yaradan qarşılıqlı faydalı, bərabər
hüquqlu əməkdaşlığın pozitiv nümunəsi kimi
Gürcüstan və Türkiyə ilə Azərbaycanın strateji
münasibətləri misal göstərilmişdir.
Qeyd
edilmişdir ki, 90-cı illərdə prezident Klintonun
administrasiyasının məqsədyönlü siyasəti
tərəfdaş ölkələrlə Vaşinqtonun əlaqələrinin
genişlənməsinə və regionda ABŞ-ın mövqelərinin
möhkəmlənməsinə kömək etmişdir. O dövrün ən
mühüm regional inteqrasiya layihəsi olan
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin uğurları buna
parlaq nümunədir. Yəni Vaşinqtonun uzunmüddətli
strateji yanaşması həm regionun, həm də ABŞ-ın
özünün maraqlarına xidmət edir.
Diplomatın
fikrincə, həll edilməmiş münaqişələr regionun
təhlükəsizliyinə əsas təhdid mənbəyi kimi
qalmaqda davam edir və onun potensialını tam
reallaşdırmasına mane olur. Təəssüf ki, rəsmi
Yerevan regiona Ermənistanın inteqrasiyasına
imkan yaratmaq əvəzinə, uzaqgörməz özünütəcrid
siyasətini davam etdirir və bununla, ilk
növbədə, öz ölkəsinin inkişafına zərər vurur.
Buna görə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi istiqamətində yaxın
gələcəkdə real irəliləyişə nail olmaq üçün dəqiq
və intensiv səylər Minsk qrupunun həmsədrləri
olan ölkələrin və ABŞ-ın siyasətinin ən
prioritet elementi olmalıdır.
Azərbaycan
diplomatının çıxışı universitetdə təhsil alan
azərbaycanlı tələbələrin təşəbbüsü ilə təşkil
edilmişdir. |