Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva aprelin 5-də
Fondun təşəbbüsü ilə Suraxanı rayonunun Yeni
Günəşli yaşayış massivində yenidən qurulmuş 2
nömrəli uşaq evi ilə tanış olmuşdur.
2000-ci
ildən fəaliyyət göstərən uşaq evi Heydər Əliyev
Fondunun "Uşaq evləri və internat məktəblərinin
inkişafı" proqramı çərçivəsində yenidən
qurulmuşdur. Burada 3 yaşından 16 yaşınadək 126
nəfər yetim və valideyn himayəsindən məhrum uşaq
təlim-tərbiyə alır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
Heydər Əliyev Fondunun himayəsi altında olan bu
uşaq müəssisəsini həmişə diqqət mərkəzində
saxlamışdır. Fondun dəstəyi ilə burada təmir və
abadlıq işləri aparılmış, müasir avadanlıqla,
kompüterlərlə təmin olunmuşdur. Fondun uşaq
evinə növbəti hədiyyəsi burada əsaslı
yenidənqurma işlərinin aparılması olmuşdur. Əsas
korpusda yerləşən uşaq evi, habelə məktəbəqədər
uşaqlar üçün nəzərdə tutulan günərzi qayğı
mərkəzi, kitabxana, akt salonu, yeməkxana,
psixoloq, loqoped, stomatoloq kabinetləri yüksək
səviyyədə təmir olunmuş, həyətdəki əyləncə və
idman meydançaları təzələnmişdir. Heydər Əliyev
Fondu tərəfindən uşaq evinə kompüterlər, plazma
televizorları, kondisionerlər hədiyyə
edilmişdir.
Artıq altıncı dəfə bu uşaq evinə gələn Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyeva günərzi qayğı mərkəzi ilə tanış olmuş,
balacaların təhsildəki ilk addımları ilə
maraqlanmışdır. Mehriban xanım müəssisənin daha
nəyə ehtiyacı olduğunu da soruşmuşdur.
Azərbaycanın birinci xanımına bildirilmişdir ki,
uşaq evinin yeni korpusa ehtiyacı vardır.
"Azərbaycan Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların ailələrə verilməsi
(De-institusionalizasiya) və alternativ qayğı
Dövlət Proqramı (2006-2015-ci illər)"na uyğun
olaraq, Xəzər və Suraxanı rayonları pilot
rayonlar kimi seçilmişdir. Respublikada ilk dəfə
olaraq 2009-cu ilin yanvarından 2 nömrəli uşaq
evində həyata keçirilməyə başlayan pilot
layihəsinin məqsədi gələcəkdə risk qrupuna aid
ailələrin uşaqlarının, habelə tək valideyni
olan, əlil ailələrin övladlarının günərzi qayğı
mərkəzinə qəbul edilməsidir. Bu uşaqlar mərkəzdə
12 saat ərzində qalacaqlar. Onlar məktəblərə
aparılacaq və gətiriləcək, mərkəzdə gün ərzində
qidalanacaq, axşamlar isə evlərə qayıdacaqlar.
Heydər Əliyev Fondunun prezidenti uşaqların
ailələrindəki sosial vəziyyətlə də
maraqlanmışdır.
Mehriban xanım Fondun adından uşaq evinə 28
yerlik avtobus hədiyyə etmişdir.
AzərTAc |
|