Bakı Dövlət Universitetində "Heydər Əliyev
məktəbi"nin ulu öndərin 88-ci ildönümünə həsr
olunmuş növbəti məşğələsi keçirilib. Öncə ulu
öndərin universitetdəki büstü önünə gül
dəstələri düzülüb, Heydər Əliyev muzeyi ziyarət
edilib. Sonra tədbir böyük akt zalında davam
edib. Qonaqları və tədbir iştirakçılarını
salamlayan rektor, akademik Abel Məhərrəmov
ümummilli lider, qüdrətli şəxsiyyət Heydər
Əliyevin tarixi xidmətlərindən danışıb, ölkə
həyatında - siyasətində, iqtisadiyyatında, elm
və təhsilində, digər sahələrdə həyata keçirdiyi
islahatlardan, möhtəşəm layihələrdən bəhs edib,
qüdrətli Azərbaycanın bütün nailiyyətlərinin bu
böyük şəxsiyyətin adı ilə bağlı olduğunu
vurğulayıb. Akademik dahi rəhbərin elmin,
təhsilin inkişafına, alimlərin sosial
vəziyyətinin daha da yaxşılaşmasına hər zaman
böyük diqqət və qayğı ilə yanaşdığını, həmin
siyasi kursun bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini də diqqətə
çatdırıb.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri, tarix elmləri doktoru,
professor Əli Həsənov "Heydər Əliyevin geosiyasi
təlimi: XXI əsrdə Azərbaycanın əsas geosiyasi
vəzifələri və perspektivləri" adlı məruzə ilə
çıxış edib. Natiq müstəqil dövlətimizin
formalaşması, inkişafı və dünyada tanınmasında
ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan
söz açıb. Deyib ki, xalqın tələbi ilə 1993-cü
ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra
ciddi xarici geosiyasi müdaxilələrə, kəskin
daxili ictimai-siyasi, iqtisadi və mənəvi
böhrana, gündən-günə güclənən milli-vətəndaş
qarşıdurması və s. neqativ hadisələrə baxmayaraq,
müstəqil Azərbaycanın milli dövlətçiliyini
qoruyub saxlamaq mümkün olub. 1993-1996-cı
illərdə ictimai-siyasi sabitliyin bərpa edilməsi,
həyata keçirilən ardıcıl daxili, xarici, milli
dövlət quruculuğu və sosial-iqtisadi siyasət,
1994-cü ildə atəşkəsə nail olunması və s.
proseslər Azərbaycan Prezidentinə öz xalqının
gələcəyi ilə bağlı həyati əhəmiyyət kəsb edən
strateji layihələri həyata keçirməyə imkan
yaradıb. Qısa zaman kəsiyində ölkənin həm daxili
həyatında bazar iqtisadiyyatı mexanizmlərinin
yaradılması, dövlət mülkiyyətinin
özəlləşdirilməsi və biznes mühitinin
liberallaşdırılması, həm də beynəlxalq aləmlə
hərtərəfli işgüzar münasibətlərin qurulması,
respublika iqtisadiyyatına hava-su kimi lazım
olan xarici investisiya və texnologiyaların cəlb
edilməsi, Xəzər dənizinin milli sektorundakı
neft-qaz yataqlarının birgə istismarı, inkişaf
etmiş Qərb dövlətləri və onları təmsil edən
şirkətlərlə Azərbaycanın bərabərhüquqlu,
qarşılıqlı-faydalı, müştərək tərəfdaşlıq
əlaqələrinin yaradılması və s. milli geosiyasi
vəzifələrin həyata keçirilməsinin
müvəffəqiyyətli sonluğunu şərtləndirib.
Ulu öndərin Azərbaycan xalqı və dövləti üçün
gördüyü işlərdən danışan natiq onu da bildirib
ki, böyük Cənubi Qafqazın lider dövləti
geosiyasi statusunun qazanılması,
möhkəmləndirilməsi və qorunub saxlanması, Avropa
və dünyanın enerji təhlükəsizliyi sahəsindəki
mövqeləri qorumaq, gücləndirmək və ölkənin milli
maraqları ilə sıx əlaqələndirmək, enerji ixracı
marşrutlarının şaxələndirilməsi və yeni satış
bazarlarının axtarışı siyasətinin davam
etdirilməsi, geosiyasi mövqelərin
möhkəmləndirilməsi taktikasının
çevikləşdirilməsi və sistemli təminatı, Dağlıq
Qarabağ probleminin həllinə dinc yolla nail
olunması, Qərblə əməkdaşlığı zəiflətmədən,
Türkiyə ilə strateji münasibətlərin
dərinləşdirilməsi, Rusiya və İranla qarşılıqlı
maraqlara söykənən tərəfdaşlıq münasibətlərinin
yaradılması və inkişaf etdirilməsi, ABŞ-İran
geosiyasi ziddiyyətləri fonunda hər iki dövlətlə
dostluq və tərəfdaşlıq münasibətlərinin
qorunması, yeni geosiyasi reallıqlara və bundan
irəli gələn qlobal çağırışlara operativ reaksiya
verilməsi, strateji tərəfdaşlarla geosiyasi
münasibətlərə xələl gətirmədən daha praqmatik
siyasət yürüdülməsi bu böyük dövlət adamının
böyük tarixi xidmətlərindən olub və həmin kurs
bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Daha sonra universitetin professorları Şahlar
Əsgərov və İzzət Rüstəmov ümummilli liderlə
bağlı xatirələrini bölüşüblər.
Tədbir BDU-nun xeyli sayda əməkdaşı və
tələbəsinin YAP-a üzv qəbul olması ilə başa
çatıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi |
|