Moskvada 157 nömrəli Azərbaycan etnomədəni
komponentli orta ümumtəhsil məktəbi bundan sonra
Sosialist Əməyi Qəhrəmanı, Stalin, Lenin və SSRİ
Dövlət mükafatları laureatı, Pilotlu Uçuşlar
üzrə Dövlət Komissiyasının sədri (1966-1991),
general-leytenant Kərim Kərimovun adını
daşıyacaqdır.
Məktəbdə bu əlamətdar hadisə münasibətilə
keçirilən təntənəli tədbirdə Ümumrusiya
Azərbaycan Konqresinin, şəhər ictimaiyyətinin,
Moskva meriyasının, Rusiya paytaxtının təhsil
departamentinin nümayəndələri, müharibə və əmək
veteranları iştirak etmişlər.
Məktəbin direktoru, Azərbaycanın əməkdar
müəllimi Aida Quliyeva bildirmişdir ki, məktəbə
Kərim Kərimovun adının verilməsi gününü
müəllimlər, eləcə də şagirdlər və valideynlər
böyük səbirsizliklə gözləyirdilər. Bu məktəbdə
təhsil alan hər bir kəs Kərim Kərimovun həyat və
fəaliyyətini, onun sovet kosmonavtikasının
tarixindəki rolunu bilir.
Kərim Kərimovun adının 157 nömrəli məktəbə
verilməsi ilə əlaqədar Rusiya rəhbərliyinə və
şəhərin hakimiyyət orqanlarına minnətdarlığını
bildirən Aida xanım demişdir ki, bu hadisə
Rusiya və Azərbaycanın dostluq və mehriban
qonşuluq əlaqələrinin inkişafına təkan
verəcəkdir.
Sonra tədbirdə Kərim Kərimovun nəvəsi, məşhur
babasının adını daşıyan Kərim Kərimov çıxış
etmişdir. O, babasının adının
əbədiləşdirilməsində iştirak edən insanlara
minnətdarlığını bildirərək vurğulamışdır ki,
babasının uzun illər Moskvada yaşamasına
baxmayaraq, onun qəlbi daim Azərbaycanla bir
döyünmüşdür. O demişdir: "157 nömrəli məktəbə
Kərim Kərimovun adının verilməsi onun zəhmətinə
verilən ən yüksək qiymətdir".
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu
sözügedən hadisənin əhəmiyyətini iki ölkənin
təhsil sahəsində dinamik inkişaf edən
Azərbaycan-Rusiya münasibətləri kontekstində
uğur kimi qiymətləndirmişdir. Bu böyük
şəxsiyyətin həyatından söz açan səfir əmin
olduğunu bildirmişdir ki, müəllim və şagirdlər
Kərim Kərimovun xatirəsini qayğı ilə anacaqlar.
P.Bülbüloğlu onu da vurğulamışdır ki, 157
nömrəli məktəb əlamətdar tarixlərə və tarixi
şəxsiyyətlərə həmişə diqqətlə yanaşmışdır.
Təntənəli mərasim məktəblilərin hazırladıqları
konsert proqramı ilə başa çatmışdır.
AzərTAc |